REGİONLAR
Naxçıvan Dövlət Universitetinin tələbələri muxtar respublikanın Ədliyyə Nazirliyində olublar
Naxçıvan, 24 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq, eləcə də dövlət və bələdiyyə idarəetməsi ixtisasları muxtar respublikanın Ədliyyə Nazirliyinin hamiliyinə verilib. Bu ixtisaslar üzrə I kursda təhsil alan tələbələr nazirliyin aparatında və tabe qurumlarında ikigünlük təcrübə keçiblər.
AZƏRTAC xəbər verir ki, ilk olaraq tələbələr Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində dövlətimizin cəza-icra siyasətinin həyata keçirilməsi, məhkumların hüquq və vəzifələrinin təmin edilməsi üçün peşə kurslarının təşkili haqqında ətraflı məlumat alıblar. Burada onları maraqlandıran suallara aydınlıq gətirilib.
Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Məhkəmə Ekspertizası Mərkəzində də olublar. Burada onlar mərkəzdə keçirilən ekspertiza növləri haqqında ətraflı məlumat alaraq, müxtəlif ekspertizaların aparıldığı laboratoriyalarda yaradılan şəraitlə, bu laboratoriyaların iş prinsipləri ilə maraqlanıblar. Tələbələr nazirliyin aparatında bir iş günü ərzində görülən işlər barədə də məlumat əldə ediblər.
İkigünlük təcrübə müddətində universitetin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələri nazirliyin Bələdiyyələrlə İş Mərkəzinə gələrək, burada iş prosesini izləyiblər.
Qeyd edək ki, təcrübə müddətində hər iki ixtisas üzrə təhsil alan tələbələr nazirliyin bütün şöbə və bölmələrində olub, günlük iş prosesində iştirak ediblər.
Sonda Ədliyyə Nazirliyində tələbələrlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.