REGİONLAR
Naxçıvan Dövlət Uşaq Filarmoniyasının xor kollektivinin ilk konserti
Naxçıvan, 28 noyabr, AZƏRTAC
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının xor kollektivinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” devizi ilə ilk konserti olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının yeni yaradılan xor kollektivinin ifasında bir-birindən maraqlı əsərlər səsləndirilib. İlk konsert repertuar zənginliyi ilə seçilib.
Konsertdə tanınmış Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, rus bəstəkarlarının da musiqiləri ifa edilib. “Naxçıvan marşı”, “Ey Vətən”, “Sənsən xilaskar”, “Xoşbəxt olsun uşaqlar”, “Odlar yurdu Azərbaycan”, “Minnətdarlıq”, “Dostluq mahnısı” xor əsərləri alqışlarla qarşılanıb. Uşaqlar üçün gözəl musiqi əsərlərinin müəllifi rus bəstəkarı V.Şainskinin “Birlikdə addımlayaq”, “Timsah Qenanın mahnısı” və Avropa bəstəkarlarından G.M.Rodriguezin “La composita”sı xor kollektivi tərəfindən uğurla ifa edilib.
Elmira Hüseynovanın xormeysterliyi, Səxavət Rəhimovun isə konsertmeysterliyi ilə keçirilən konsertdə kollektivi zərb musiqi alətində Ramil Cəfərov müşayiət edib.