REGİONLAR
Naxçıvan Duz Muzeyinin saytı istifadəyə verilib
Naxçıvan, 4 dekabr, AZƏRTAC
Naxçıvan Duz Muzeyinin internet saytının (www.duzmuzeyi.nakhchivan.az) təqdimatı olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru Camal Babayev Naxçıvan Duz Muzeyinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradıldığını qeyd edib. Bildirib ki, Naxçıvan şəhərinin tarixi Duzdağın tarixi ilə sıx əlaqədardır. Duz mədənləri həm Naxçıvanın Daş dövrünü, həm də bu şəhərin yaşını müəyyən etmək baxımından çox əhəmiyyətli tədqiqat obyektidir.
“Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu bütün dünyaya çatdırmaq, aparılan elmi-tədqiqat işlərinin sistemləşdirilməsini və elmi araşdırmalar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələrinin qorunub saxlanmasını və təbliğini təmin etməkdir”, - deyən Camal Babayev qeyd edib ki, Naxçıvan duzunun qədim tarixinə və Naxçıvan Duz Muzeyinə göstərilən dövlət qayğısının daha bir nümunəsi muzeyin saytının yaradılmasıdır.
Sonra sayt haqqında məlumat verilərək bildirilib ki, sayt 7 bölmə və 3 alt bölmədən ibarətdir. Ana səhifədə “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamı yerləşdirilib. Naxçıvan Duz Muzeyi bölməsi “Naxçıvan Duz Muzeyi haqqında”, “Tədbirlər”, “Naxçıvan duzu tarixi mənbələrdə” alt bölmələrindən ibarətdir.
Saytın “Elektron kitabxana” bölməsində müxtəlif illərdə Naxçıvan duzu haqqında nəşr olunan elmi ədəbiyyatlar, jurnal və qəzet materialları yerləşdirilib. Saytda izləyicilər, eyni zamanda, fotoşəkillər və videoçarxlarla da yaxından tanış ola, muzeyə virtual səyahət də edə bilərlər.