REGİONLAR


Naxçıvan Futbol Federasiyasının və “Araz-Naxçıvan” klubunun İdarə Heyəti və üzvləri təsdiqlənib

Naxçıvan, 28 yanvar, AZƏRTAC

Uzunoba Təlim-Məşq İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının iclası keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iclasda çıxış edən Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov Naxçıvan Muxtar Respublikasında idmanın maddi-texniki bazasının xeyli gücləndirildiyini vurğulayıb. Bildirib ki, bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsinə və idmana marağını artırıb. Muxtar respublikada bütün idman növləri ilə yanaşı, futbola göstərilən diqqət və qayğı sayəsində bu sahədə əsaslı irəliləyişlər əldə olunub. Uzunoba Təlim-Məşq İdman Kompleksinin inşası da bu sahədə görülən işlərin nəticəsidir. Yaradılan şərait imkan verir ki, ilin bütün fəsillərində məşqlər keçirilsin. Bunlar gənclərdə idmana maraq yaradır. Onlar asudə vaxtlarını səmərəli keçirir və ən əsası sağlam böyüyürlər. Bunun üçün də məqsəd federasiyanın maddi-texniki bazasını gücləndirmək, məşqçilərlə mütəmadi görüşlər keçirmək, dövlətimizin göstərdiyi diqqət və qayğı nəticəsində muxtar respublikada futbolun inkişafına dəstək olmaq, bu sahədə əlimizdən gələni etməkdir. Bu gün yaradılan əlverişli şərait bu sahədə böyük irəliləyişlər əldə etməyə, yeni uğurlar qazanmağa imkan verir.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilib. Federasiyanın və “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun İdarə Heyəti və üzvləri təsdiqlənib. Belə ki, Vüqar Abbasov İdarə Heyətinin sədri, Sakit Rzayev federasiyanın sədr müavini, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Taleh İbrahimov, Səhiyyə Nazirliyinin nümayəndəsi Vüqar Babayev, Təhsil Nazirliyinin nümayəndəsi Elxan Babayev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Nazimət Məmmədov və Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Mirtaleh Seyidov Futbol Federasiyasının İdarə Heyətinin üzvləri seçiliblər.

“Badamlı” MMC-nin nümayəndəsi Hümbət Qəhrəmanov, “Ləzzət” MMC-nin nümayəndəsi Teymur Rzayev, “Cahan Tobacco” MMC-nin nümayəndəsi Tural Hüseynəliyev, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç, veteran futbolçular Canpolad Həsənov və İlham Məmmədov isə “Araz-Naxçıvan” PFK-nın İdarə Heyətinin üzvləri seçiliblər.

Federasiya sədri Vüqar Abbasov qeyd edib ki, yerli və xarici əməkdaşlıq əlaqələri sayəsində gələcək planların icrası üçün məqsədyönlü addımlar atılacaq və bu sahədə əsaslı irəliləyişlər olacaq.

Sonra federasiyanın sədri məşqçi, hakim və futbolçularla görüş keçirib, onları maraqlandıran sualları cavablandırıb. Federasiya tərəfindən futbolçuların rahat daşınması üçün avtobus ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.