REGİONLAR
Naxçıvan Gənc Müəllimlər Assosiasiyası yaradılıb
Naxçıvan, 6 oktyabr, AZƏRTAC
Muxtar respublikada keyfiyyətli tədris mühitində öz sənətini sevən kifayət qədər peşəkar müəllim formalaşıb. Sıralarında 1400-dən artıq gəncin olması onları bir araya gətirəcək birliyin yaradılmasını zərurətə çevirib. Beynəlxalq Müəllimlər Günündə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının təsis konfransının keçirilməsi yaddaqalan hadisə olmaqla yanaşı, gənc müəllimlər arasında əməkdaşlığı, təcrübə mübadiləsini daha da inkişaf etdirəcək, gənc müəllimlərin fəallığını artıracaq, onların peşəkar və fərdi inkişaflarına öz töhfəsini verəcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Beynəlxalq Müəllimlər Günü və “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin təsis edilməsi ilə bağlı keçirilən konfransda muxtar respublikanın Təhsil naziri Rəhman Məmmədov deyib.
Rəhman Məmmədov əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında 2021-ci il 4 oktyabr tarixli Sərəncamı ilə konfrans iştirakçılarını tanış edib, müəllim əməyinə verdiyi qiymətə görə minnətdarlığını bildirib, təltif olunan müəllimləri, həmçinin konfrans iştirakçılarını Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.
Nazir müəllimlərə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb. Müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.
Bildirilib ki, muxtar respublikada müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində də zəruri tədbirlər həyata keçirilib. Ümumtəhsil müəssisələrinin pedaqoji heyəti üçün sistemli təlimlər təşkil edilib. Təkcə ötən tədris ilində ümumtəhsil məktəblərindən 200-ü STEAM təlimləri olmaqla, 1200-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb edilib. Müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə sertifikasiyası aparılıb, 505 müəllim şahmat sertifikatı ilə təmin olunub.
Diqqətə çatdırılıb ki, muxtar respublikada müəllim əməyinə verilən qiymət onların fəallığını artırıb, son iki ildə 4 müəllim “Pedaqoji mühazirə müsabiqəsi”nin, 9 müəllim isə “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin qalibi olub.
“2018-2019-cu tədris ilindən etibarən müəllimlərin işə qəbulunda müsabiqə mexanizmi tətbiq edilib, qaydalar şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilib, ümumtəhsil məktəblərinin bilikli kadrlarla təminatı yaxşılaşıb. Bu günədək işə qəbulla bağlı keçirilən müsabiqələrdə yüksək nəticə göstərən kadrlardan 586-sı müəllim, 140-ı isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə, 726 gənc kadr işlə təmin edilib”, - deyən nazir vurğulayıb ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı, tədrisin yüksək səviyyədə təşkili üçün yaradılan müasir təhsil infrastrukturu, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin təhsilə tətbiqi, müəllim nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlər müəllim əməyinin bəhrələrini artırıb, təhsildə uğurlu nəticələr əldə olunub. Belə ki, 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından xüsusi nailiyyətlərlə bitirən məzunlardan 17-si qızıl, 17-si gümüş nişana, 41-i fərqlənmə attestatına layiq görülüb, 26 şagird Respublika fənn olimpiadasında qalib gəlib. Qəbul imtahanlarında iştirak edən 2695 məzundan 1932-si və ya 72 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Məzunlardan 261-i 500-700 arası nəticə göstərib, onlardan da 3-ü Prezident təqaüdünə layiq görülüb.
Konfransda Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Aşağı Yaycı kənd tam orta məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Yeganə Məmmədova, Şahbuz rayon Ağbulaq kənd tam orta məktəbinin ingilis dili müəllimi, Prezident təqaüdçüsü Nigar Mirzəmmədova, Culfa rayon Göydərə kənd tam orta məktəbin müəllimi, IV Qrant müsabiqəsinin qalibi Asudə Məmmədova çıxış ediblər. Çıxışlarda muxtar respublikada müəllimlərin fəaliyyəti üçün yaradılan şəraitdən, müəllim peşəsinə marağın artmasından bəhs olunub, təhsilə və müəllim əməyinə göstərdiyi dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ifadə edilib.
Çıxışlardan sonra “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin Nizamnaməsi oxunub, birliyin İdarə Heyətinin 13 nəfərdən ibarət tərkibi səsə qoyularaq təsdiq edilib. Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.
Gülxanım Orucova göstərilən etimada görə minnətdarlığını bildirib. Qeyd edib ki, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının təsis edilməsi gənc müəllimlərə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsidir. O, gənc müəllimlər arasında əməkdaşlığı daha da inkişaf etdirəcəyini, istedadlı gənc müəllimlərin aşkara çıxarılması, onların bilik və bacarıqlarının inkişafı istiqamətində səylə çalışacağını bildirib. Konfransda assosiasiyanın fəaliyyət istiqamətlərini əhatə edən tədbirlər planı təsdiqlənib.
Sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” filmi nümayiş olunub, tədbir bədii hissə ilə yekunlaşıb.