REGİONLAR
Naxçıvan Müəllimlər İnstitutu yüksəkixtisaslı kadr hazırlığında bir sıra nailiyyətlər əldə edib
Naxçıvan, 30 sentyabr, AZƏRTAC
Naxçıvan Müəllimlər İnstitutu ötən dövrdə öz fəaliyyətini genişləndirib, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib. 2003-cü il avqustun 26-da Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayan bu ali təhsil ocağında 19 il ərzində lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni bina istifadəyə verilib, burada yeni ixtisaslar açılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə institutda birinci kurs tələbələrinin valideynləri ilə keçirilən görüşdə danışılıb. Tədbirdə çıxış edən institutun rektoru Azad Novruzov bildirib ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu təhsil siyasəti uğurla davam etdirilir. Təhsilin maddi-texniki bazasının gücləndirilməsi diqqətdə saxlanılır və ixtisaslı kadrların hazırlanmasına dövlət tərəfindən lazımi şərait yaradılır. Gənc nəslin sağlam ruhda yetişməsinin, dünya standartları ilə ayaqlaşan təhsillə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edən rektor zəngin dünyagörüşün, yüksək mədəniyyətə malik güclü şəxsiyyət və vətənpərvər mütəxəssislərin yetişdirilməsinin institutun əsas vəzifəsi olduğunu bildirib. Naxçıvan Müəllimlər İnstitutu bu məqsədlərə nail olmaq üçün bütün gücünü və potensialını səfərbər edir.
Görüşdə institutda tələbələrin təhsil alması üçün yaradılan şərait və imkanlar, imtahan prosesi, valideyn-institut əlaqələrinin vacibliyi kimi məsələlər müzakirə olunub. Rektor valideynlərin institutun həyatında fəal iştirakının önəmini vurğulayıb.
Çıxış edən valideynlər tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılmasında institut-valideyn əlaqələrinin rolunu qeyd edib, bu məsələdə üzərlərinə düşən vəzifələri lazımınca yerinə yetirəcəklərini bildiriblər. Onlar övladlarının yaxşı təhsil almaları üçün institutda yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.