REGİONLAR
Naxçıvan Müəllimlər İnstitutunda keçirilən I Regional elmi konfransa yekun vurulub
Naxçıvan, 22 may, AZƏRTAC
Bütün dünyada elm və təhsilin sürətlə inkişaf etdiyi hazırkı dövrdə ölkəmizdə bu sahələrdə geniş islahatlar həyata keçirilməkdədir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyasının (İnnoLab) təşkilatçılığı ilə doktorant və magistrantların I Regional elmi konfransında ətraflı danışılıb.
Tədbirdə institutun rektoru, dosent Elbrus İsayev çıxış edərək bildirib ki, respublikamızda ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi, yeni inkişaf mərhələsində ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, onlarda rəqabətqabiliyyətli mütəxəssis hazırlığının təmin olunması və digər prioritet vəzifələrin uğurla reallaşdırılması üçün görülən işlər sırasında müxtəlif elmi tədbirlərin keçirilməsi mühüm yer tutmaqdadır. Bu gün reallaşdırılan hər bir tədbirin nəticəyönümlü olması, onun məzmun və forma yeniliyi xüsusi əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlər çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyası yaradılıb. Burada əsas məqsəd təkcə startapla bağlı deyil, bütövlükdə, tələbə və müəllimlərin innovativ təklif, işləmə, layihə və elmi-tədqiqat nəticələrinin dəyərləndirilməsi, qeydə alınması və operativ tətbiqə yönəldilməsi istiqamətindəki fəaliyyətlərini koordinasiya etməkdən ibarətdir. İnnovasiya laboratoriyası Naxçıvan Müəllimlər İnstitutunda təhsil-tədqiqat-innovasiya formatında fəaliyyətin koordinasiyasını, bütövlükdə, muxtar respublikada fəaliyyət göstərən ali təhsil və elm müəssisələrində gənc tədqiqatçıların, doktorant və magistrantların elmi-tədqiqat fəaliyyəti nəticələrinin müzakirələrinin təşkilini və onların təqdim edilməsi sahəsində əməli işlərin görülməsini hədəfləyir.
Rektor cari tədris ilinin ikinci semestrində bu istiqamətdə görülən işlərdən də danışıb.
Konfransda Naxçıvan Müəllimlər İnstitutunun İnnovasiya laboratoriyası üzrə məsul şəxsi Ali riyaziyyat və informatika kafedrasının baş müəllimi Səminə Rüstəmovanın, AMEA Naxçıvan Bölməsinin doktorantı Səkinə Vəliyevanın, Naxçıvan Müəllimlər İnstitutunun doktorantı Aygün Əsgərovanın, Naxçıvan Dövlət Universitetinin magistrantı Təbəssüm Hacıyevanın, Naxçıvan Müəllimlər İnstitutunun magistrantı Nigar Səfərovanın çıxışları dinlənilib.
Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Elmi Cəmiyyətinin XIX konfransında təqdim etdikləri məruzələrə görə yer tutan tələbələr mükafatlandırılıb.
Konfrans bölmə iclasları ilə işini davam etdirib.
Yekun iclasda bölmə rəhbərlərinin hesabatları dinlənilib.