REGİONLAR


Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübəyə start verilib

Naxçıvan, 17 fevral, AZƏRTAC

Naxçıvan Müəllimlər İnstitutunda Riyaziyyat və informatika müəllimliyi, İbtidai sinif müəllimliyi və Məktəbəqədər təlim və tərbiyə ixtisaslarının sonuncu kurs tələbələri üçün pedaqoji təcrübəyə start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla əlaqədar institutda pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.

Ali təhsil ocağının rektoru Azad Novruzov konfransda çıxış edərək bildirib ki, ixtisaslar üzrə tədris planına uyğun olaraq İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə ixtisaslarında təhsil alan tələbələr IV tədris ilinin VIII semestrində, Riyaziyyat və informatika müəllimliyi ixtisasında təhsil alan tələbələr V tədris ilinin X semestrində 14 həftəlik pedaqoji təcrübə keçəcəklər. Bu ixtisaslar üzrə 204 tələbə Naxçıvan şəhər məktəbləri və məktəbəqədər təhsil müəssisələrində olacaqlar.

Rektor vurğulayıb ki, tələbələrin müəllimlik fəaliyyətinə hazırlanmasında pedaqoji təcrübə mühüm əhəmiyyət kəsb edir. Onlarda ixtisaslar üzrə qazanılan nəzəri bilikləri tətbiq etmək bacarığının və müəllimə xas keyfiyyətlərin formalaşdırılması pedaqoji təcrübə vasitəsilə həyata keçirilir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, muxtar respublikada təhsilin bütün sahələri dövlət qayğısı ilə əhatə olunub, müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni STEAM təlim metodunun tətbiqi üçün kabinələr yaradılıb, lazımi avadanlıqlarla təchiz olunub. Muxtar respublikada pedaqoji kadrların təkmilləşməsi istiqamətində atılan addımlar, keçirilən təlim və təcrübələr bu sahədə əhəmiyyətli uğurların qazanılmasına şərait yaradıb.

“Pedaqoji təcrübə tələbə-gənclərin müəllim kimi formalaşmasında əhəmiyyətli rol oynayır. Təhsil prosesinin səmərəliliyi pedaqoji kadrların elmi səviyyəsindən, pedaqoji ustalığından, pedaqoji etikaya bələdliyindən, ən əsası isə pedaqoji sahədə qazandığı praktik hazırlığından asılıdır”, - deyən Rəhman Məmmədov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən bu günədək keçirilən müsabiqələrdə Naxçıvan Müəllimlər İnstitutunun 65-i müəllim, 40-ı isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə, 105 məzunu işlə təmin olunub.

Digər çıxışlardan sonra pedaqoji təcrübə ilə bağlı sərgiyə baxış olub və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin ali təhsil ocağına hədiyyə etdiyi dərslik və metodik vəsaitlər təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.