REGİONLAR
Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinə onlayn ekskursiya təşkil olunub
Naxçıvan, 13 avqust, AZƏRTAC
Muxtar respublikada fəaliyyət göstərən mədəniyyət ocaqlarına təşkil olunan onlayn ekskursiyalar davam etdirilir. Növbəti belə ekskursiya Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinə təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, onlayn ekskursiyada muzeyin bələdçisi Naxçıvan ədəbi mühiti və onun keçdiyi inkişaf yolu barədə izləyicilərə ətraflı məlumat verib.
Qeyd olunub ki, muzeyin fondunda çox əsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, sənət nümunələri, qədim və müasir kitablar, xatirə əşyaları, digər qiymətli muzey materialları mühafizə olunur. Həmçinin ekspozisiyada Naxçıvan torpağının yetirdiyi görkəmli şair və yazıçıların yaradıcılığına, eyni zamanda, Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və heykəltəraşlıq əsərlərinə geniş yer verilib.
Onlayn ekskursiya Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında canlı yayımlanıb.