SİYASƏT
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri səfiri salamlayıb, ölkələrimiz arasında kənd təsərrüfatı, hərbi, səhiyyə, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib, səfirliyin bu sahədəki fəaliyyətini diqqətə çatdırıb. Azərbaycan-Belarus ikitərəfli münasibətlərində Naxçıvan Muxtar Respublikasının rolunu qeyd edən Ali Məclisin Sədri əlaqələrin bundan sonra da müxtəlif istiqamətlərdə inkişaf edəcəyinə əminliyini bildirib, səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səmimi qəbula görə minnətdarlıq edən Gennadi Axramoviç ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışıb. Səfir Belarus Respublikası ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı ikitərəfli münasibətlərin yaxşı perspektivi olduğunu vurğulayıb, əlaqələrin daha da genişləndirilməsinə çalışacağını qeyd edib.
Söhbət zamanı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.