SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan, 19 dekabr, AZƏRTAC

Dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Naxçıvanda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektorun rolunun artırılması” mövzusundakı tədbirə görə qonağa təşəkkürünü bildirib. Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasındakı əlaqələrə və həyata keçirilən layihələrə diqqəti çəkən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası barədə ətraflı məlumat verib, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışıb. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk dəfə muxtar respublikada özəlləşdirmə ilə bağlı qərar qəbul edib, ötən dövrdə bu proses uğurla başa çatdırılıb.

Muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətindən, eləcə də artan ixrac potensialından danışan Ali Məclisin Sədri kənd təsərrüfatında maarifləndirmənin və mütərəqqi metodların tətbiqinin əhəmiyyətini vurğulayıb, keçirilən tədbirin bu baxımdan faydalı olacağına əminliyini ifadə edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Naxçıvanda özəl sektorun inkişafının və sahibkarların fəaliyyətinə verilən dəstəyin, bunun tərkib hissəsi kimi aqrar sahəyə göstərilən diqqətin nümunə olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak göstərilən diqqətə görə minnətdarlıq edib. Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində böyük potensialın olduğunu bildirən qonaq təmsil etdiyi təşkilatın muxtar respublika ilə əməkdaşlığa mühüm önəm verdiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.