SİYASƏT
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Norveç Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvan, 16 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen ilə görüşüb.
Ali Məclisin Sədri qonağı salamlayaraq deyib ki, Azərbaycan-Norveç əlaqələrinin əsası 1992-ci ildə qoyulub, ötən dövrdə hər iki ölkədə səfirliklər fəaliyyətə başlayıb, iqtisadi və qeyri-hökumət təşkilatları ilə əlaqələr sahəsində səmərəli əməkdaşlıq qurulub. Azərbaycanın neft layihələrinin həyata keçirilməsində Norveç Krallığının iştirakını diqqətə çatdıran Ali Məclisin Sədri bunu hər iki ölkə arasındakı əməkdaşlığın nəticəsi kimi dəyərləndirib. Ali Məclisin Sədri ölkələrimiz arasındakı münasibətlərə uyğun olaraq Naxçıvan-Norveç əlaqələrinin qurulduğunu bildirib, ali təhsil müəssisələri arasında, eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.
Səfir Bard İvar Svendsen səmimi qəbula görə minnətdarlıq edib, ölkəmizdə fəaliyyət göstərməkdən və Naxçıvana səfərindən məmnunluğunu bildirib. Naxçıvan Muxtar Respublikası ilə bir çox sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu bildirən səfir ikitərəfli əlaqələrin inkişafında səylərini artıracağını qeyd edib.
Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.