REGİONLAR
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatına yeni üzvlər qəbul edilib
Naxçıvan, 12 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatında gənc bəstəkarların təşkilata üzv qəbul olunması münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov “Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının fəaliyyəti” mövzusunda çıxış edib. Bildirib ki, təşkilat muxtar respublikanın musiqi mədəniyyətinin inkişafı və zənginləşdirilməsində uğurlu fəaliyyət göstərir. Təşkilat üçün yüksək iş şəraitinin yaradılması və göstərilən dövlət qayğısı onların yaradıcılıq imkanlarını daha da genişləndirir, yeni əsərlər yaratmağa ruhlandırır. Yaşar Xəlilov gənc bəstəkarları təşkilata üzv qəbul olunması münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə təşkilata yeni üzv qəbul edilən musiqişünas Rumiyyə Məmmədovaya, gənc bəstəkarlar Polad Vəli və Hakim Məmmədova üzvlük vəsiqələri təqdim olunub. Gənc bəstəkar Hakim Məmmədova isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkil etdiyi “Nizami Romans” respublika müsabiqə - festivalında iştirakı münasibətilə fəxri fərman təqdim edilib.
Sonra Bəstəkarlar Təşkilatının üzvü Fəridə Ağayevanın fortepianonun müşayiəti ilə ifa üçün vətənpərvərlik və uşaq mahnılarından ibarət “Musiqi aləmi” kitabının təqdimatı olub. Gənc bəstəkarlar kitabda yer alan bir neçə əsəri ifa ediblər.