REGİONLAR


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının yığıncağı keçirilib

Naxçıvan, 30 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının 2022-ci il birinci yarısının yekunlarına dair yığıncağı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yığıncaqda Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov çıxış edərək qarşıda duran vəzifələrlə bağlı danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 7 fevral 2022-ci il tarixdə daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə verdiyi tapşırıq və tövsiyələr əməkdaşlar arasında böyük ruh yüksəkliyi və stimul yaradıb, onların məsuliyyət hissini daha da artırıb. İctimai asayişin qorunması məqsədilə keçirilən tədbirlərin nəticəsi olaraq 2022-ci ilin birinci yarım ilində törədilən cinayətlərin açılması 100 faiz təmin edilib.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyi sistemində həyata keçirilən struktur islahatların tərkib hissəsi olaraq daxili işlər orqanlarında polis veteranları ilə aparılacaq işin təşkili və veteranlarla qarşılıqlı fəaliyyətin aktiv mərhələyə keçirilməsi əsas vəzifələrdən biri kimi qarşıya qoyulub.

Diqqətə çatdırılıb ki, nazirliyin Veteranlar Şurası və ərazi polis orqanları tərəfindən sabiq polis əməkdaşlarının qarşılıqlı birgə fəaliyyətə cəlb olunmaları üçün ardıcıl profilaktik tədbirlər həyata keçirilib. Nəticədə, 700-ə yaxın polis veteranı ilə yaxın əlaqələr yaradılıb. Ötən müddət ərzində polis veteranları daxili işlər orqanlarına yaxından köməklik edərək bir sıra istiqamətlər üzrə ardıcıl fəaliyyət göstəriblər.

Vurğulanıb ki, polis veteranları cəmiyyətdə aparıcı qüvvə kimi milli maraqlarımızın, adət-ənənələrimizin və dövlət siyasətinin təbliğatçısı kimi çıxış edərək uzunmüddətli xidmətdə əldə etdikləri zəngin peşə təcrübələrini, yüksək mənəvi keyfiyyətlərini gənc nəslə çatdırmalı, onların sadiq, vətənpərvər insanlar kimi yetişdirilməsində fəal iştirak etməlidirlər. Həmçinin veteranlarla işin səmərəli təşkil olunması üçün Veteranlar Şurası və ərazi polis orqanlarının müvafiq xidmətləri daxili işlər orqanlarından təqaüdə buraxılmış polis əməkdaşlarının birgə fəaliyyətə cəlb olunması üçün polis orqanlarında və yaşayış yerlərində veteranlarla mütəmadi görüşlər keçirilməli, onların sosial problemlərinin həllinə köməkliklər göstərilməlidir. Hamilik işinin təşkilində, peşəkar kadr potensialının formalaşdırılması və şəxsi heyət arasında mənəvi-psixoloji durumun yüksəldilməsində, xidmətə qəbul üçün seçilmiş namizədlərin öyrənilməsində veteranların köməyindən istifadə olunmalıdır.

Daxili işlər naziri həyata keçirilən ekoloji tədbirlərdə də polis veteranlarının iştirakını yüksək qiymətləndirib, onlar tərəfindən indiyədək 6000-ə yaxın meyvə və digər ağac tinglərinin əkildiyini bildirib, veteranlara muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında bundan sonra da fəallıq göstərməyi tövsiyə edib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, polis polkovniki Yusif Həsənov bildirib ki, hesabat dövründə şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasında, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasında, onlarda dövlətə və dövlətçiliyə, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılmasında, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsi istiqamətində həyata keçirilən tədbirlərdə veteranlar yaxından iştirak ediblər. Təqaüddə olan sabiq polis əməkdaşları əhalidə qanunsuz saxlanılan silahların yığılması istiqamətində həyata keçirilən tədbirlərə aktiv cəlb olunaraq onların iştirakı ilə 9 ədəd, o cümlədən 1 ədəd “TOZ-8” markalı yivli silah, 8 ədəd ov silahı, 1 ədəd qumbara, 515 ədəd müxtəlif çaplı patron könüllü olaraq polis orqanlarına təhvil verilib. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlara göstərilən köməklik sayəsində 8 nəfər sürücülük hüququ olmayan və 7 nəfər sərxoş sürücü aşkar edilib, piyadaların yolun hərəkət hissəsini müəyyən olunmuş yerlərdən keçməsinə nəzarət olunmasında yaxından iştirak ediblər. Həmçinin muxtar respublikada axtarış istiqamətində həyata keçirilən tədbirlərə köməklik çərçivəsində 13 nəfər mülki-hüquqi öhdəliklərdən yayınan şəxsin yeri müəyyən edilib, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis veteranlarından əməliyyat marağı kəsb edən məlumatlar daxil olub. Bundan əlavə, polis veteranları dəfələrlə Orta İxtisas Polis Məktəbində kursantlarla görüşlərdə iştirak edib, daxili işlər orqanlarında xidmətkeçmənin xüsusiyyətləri və əsasları haqqında söhbətlər aparıblar.

Sonra polis veteranı, istefada olan polis mayoru İdris Abdullayev Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov polis veteranlarına həyata keçirilən tədbirlərdə yaxından iştirak etdiklərinə görə təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.