REGİONLAR
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində iqtisadi sahədə startap layihələrinin təqdimatı olub
Naxçıvan, 13 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində iqtisadi sahədə startap layihələrinin təqdimatı və dəyərləndirilməsi ilə bağlı tədbir keçirilib.
Komitədən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən komitə sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar Dövlət Gömrük Komitəsi ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında birgə tədbirlər planının təsdiqləndiyini və qarşılıqlı faydalı əməkdaşlığın təmin edildiyini bildirib. Komitədə İnnovasiya mərkəzi və ekspert şurası yaradılıb. NDU-nun Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan tələbələri ilə müxtəlif seminar və görüşlər keçirilib. Görülən işlərin nəticəsidir ki, artıq tələbələr yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən layihələri – startapları təqdim etməyə başlayıblar.
Komitənin İnnovasiya mərkəzinin ekspert şurasının rəhbəri, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli qeyd edib ki, son illər gömrük sistemində prosedurların sadələşdirilməsi və ticarətin asanlaşdırılması məqsədilə innovativ layihələrdən geniş istifadə olunur. Gömrük xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tətbiqi, kargüzarlıq işinin avtomatlaşdırılması, gömrük sistemində elektron sənəd dövriyyəsinin təmin edilməsi və kadr uçotu işinin idarə olunması, mal və nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük rəsmiləşdirilməsi işinin avtomatlaşdırılması, risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi, sərhədkeçmə vaxtının ölçülməsi, elektron gömrük xidmətləri və hədəf mərkəzi gömrük xidmətində uğurla tətbiq olunan innovativ layihələrdir.
Sonra NDU-nun Dünya iqtisadiyyatı ixtisasının IV kurs tələbələrindən Fərhad Əsgərov “E-Logistic” və “Velotour”, Elxan Musayev “Customs mobile” və Həsən Həsənov “Termal suspect” adlı layihələrlə bağlı təqdimat ediblər. Təqdimatlar zamanı layihələr üzrə müzakirələr aparılıb, təkliflər dəyərləndirilib. Perspektivi, sosial və iqtisadi əhəmiyyəti nəzərə alınaraq Fərhad Əsgərovun təqdim etdiyi layihələr daha cəlbedici hesab olunub və elektron logistika ilə bağlı layihə “Ən yaxşı layihə” nominasiyası üzrə qalib elan edilərək mükafatlandırılıb.
Sonra tələbələr komitədə yeni yaradılmış İnnovasiya laboratoriyası ilə tanış olublar.