REGİONLAR
Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestri proqramı təqdim olunub
Naxçıvan, 1 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestri proqramı təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən mərkəzin sədri İsmayıl Qəribli qurumun fəaliyyətinin təkmilləşdirilməsi üçün mütəmadi tədbirlər həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, cari ildə Ali Məclis Sədrinin diqqəti və qayğısı ilə mərkəzin maddi-texniki bazası gücləndirilib, vətəndaşlara daha yaxşı xidmət imkanının yaradılması üçün müvafiq tədbirlər davam etdirilib. Həmçinin 2 yeni server avadanlığı və 37 yeni kompüterin quraşdırılması ilə Test Mərkəzində eyni anda 51 namizədin imtahan verməsi üçün şərait yaradılıb və test imtahanı proqramı təkmilləşdirilib.
“İnnovativ yeniliklərin tətbiqinin davam etdirilməsi nəticəsində mərkəzin 2 proqram təminatı yenidən işlənib, 2 proqram təminatı isə təkmilləşdirilib”, - deyən İsmayıl Qəribli vurğulayıb ki, bu gün Dövlət Qulluqçularının Reyestri Proqramı təqdim olunur. Yeni proqram dövlət qulluqçusunun “elektron şəxsi işi”nin yaradılmasına imkan verir.
Sonra mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Razi Məmmədov çıxış edərək, slayd vasitəsilə Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, proqrama hesabatlar modulu əlavə edilib və axtarış modulu təkmilləşdirilərək 29 kateqoriya üzrə axtarış imkanı yaradılıb. Hesabatlar moduluna statistik məlumatlar, təsnifat üzrə, dövlət qulluqçularının sayı haqqında, dövlət orqanlarının siyahısı haqqında, habelə dövlət qulluqçularının stajı üzrə məlumat altbölmələri əlavə edilib.
Diqqətə çatdırılıb ki, reyestrin aparılmasına dair anket forması təkmilləşdirilib və yeniliklər əlavə olunub. Dövlət Qulluqçularının Reyestrində aparılan yeniləmələrə uyğun olaraq növbəti ixtisas dərəcələrinin verilməsi haqqında məlumatı əks etdirən bölmə, arayış və sənədlər altbölməsi yaradılıb. Sənədlər altbölməsi dövlət qulluqçusunun elektron sənədlərinin toplanması, istifadəsi və arxivləşdirilməsi üçün əlverişli imkan yaradır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestrinin aparılması və məlumatların reyestrə daxil edilməsi qaydaları barədə ətraflı məlumat verilib. İki seans olmaqla, 50 dövlət orqanını təmsil edən nümayəndənin iştirakı ilə keçirilən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.