İQTİSADİYYAT


Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi kollektivə təqdim olunub

Bakı, 7 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalovun 2023-cü il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi təyin edilmiş Abbas İsmayılov kollektivə təqdim olunub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xidmət rəisini təyinat münasibətilə təbrik edərək, fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd olunub ki, iqtisadi sahədə aparılan islahatlar biznesdə və dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsinə hədəflənib. Bu baxımdan vergi inzibatçılığı və idarəçiliyi sahəsində ciddi dəyişikliklər aparılır, vergi nəzarəti mexanizmləri təkmilləşdirilir və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın tətbiqi genişləndirilir, iqtisadi artımın bərpası üçün vergi təşviq alətlərindən geniş istifadə edilir. Həyata keçirilən vergi siyasəti “kölgə iqtisadiyyatı”nın miqyasının əhəmiyyətli dərəcədə azaldılmasına, iqtisadiyyatda şəffaflığın artmasına imkan yaradır.

Diqqətə çatdırılıb ki, dövlətin fiskal siyasətini həyata keçirən orqanlar olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin koordinasiyalı fəaliyyəti olduqca əhəmiyyətlidir. Bu baxımdan, metodiki köməkliyin göstərilməsi təmin edilməli, hüquqi münasibətlərinin tənzimlənməsində, fiskal siyasətin həyata keçirilməsində vahid yanaşmanın tətbiqi, həmçinin müsbət təcrübələrin inteqrasiyası üçün bütün zəruri tədbirlər qarşılıqlı olaraq həyata keçirilməlidir. Fəaliyyətin bu cür qurulmasının vergi orqanlarının qarşısında duran vəzifələrin daha çevik, şəffaf və sistemli şəkildə icrasına müsbət təsir göstərəcəyi, dövlət başçısının qarşıya qoyduğu tapşırıq və vəzifələrin icrasına uyğun hədəflərə nail olunacağı vurğulanıb.

A.İsmayılov yüksək etimada görə minnətdarlığını ifadə edib, qarşıya qoyulmuş vəzifələrin icrası üçün səylərini səfərbər edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.