Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının idmançıları ötən il 27 medal qazanıblar
AzerTAg.az
Naxçıvan, 29 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının idmançıları ötən il ölkə səviyyəli turnirlərdən 19, dünya çempionatından 2, beynəlxalq turnirlərdən 6 medal olmaqla, ümumilikdə, 27 medal qazanıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasında danışılıb.
İclasda çıxış edən Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev bildirib ki, 2019-cu il federasiyanın Babək rayonunun Zeynəddin və Nəhəcir kəndlərində bölmələri yaradılıb, məşqçi-müəllim, hakim və idmançılar vahid idman geyim dəstləri ilə təmin edilib. Muxtar respublikamızda 564 idmançı 30 qrupda bu idman növü ilə məşğuldur. Ötən il ərzində müxtəlif kadetlər, yeniyetmə və gənclər arasında şəhər, rayon və yoldaşlıq görüşləri təşkil edilib. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kadetlər və yeniyetmələr arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublikası açıq turniri keçirilib, həmin turnirdə İran, Rusiya və Azərbaycandan birlikdə 12 komanda iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxışında vurğulayıb ki, ötən il ərzində Gənclər və İdman Nazirliyinin də təşkilatçılığı ilə bu idman növü üzrə 6 muxtar respublika səviyyəli birincilik, 3 Naxçıvan şəhər birinciliyi, 2 rayon birinciliyi, 1 yoldaşlıq görüşü keçirilib.
Sonra məşqçilərin fikir və təklifləri dinlənilib, il ərzində uğur qazanan məşqçilər və idmançılar mükafatlandırılıblar.

Xəbərin mətnində orfoqrafik səhv var