REGİONLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytı fəaliyyətə başlayıb
Naxçıvan, 11 dekabr, AZƏRTAC
Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni www.nmn.az saytının təqdimatı keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, təqdimat mərasimində nazirliyin İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev çıxış edərək bildirib ki, nazirlik muxtar respublikada mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirliyin əsasnaməsində internet saytının yaradılması qarşıda duran vəzifələrdən biri kimi əksini tapıb. Ötən dövrdə nazirliyin yeni saytı hazırlanıb.
Vurğulanıb ki, yeni saytın istifadəyə verilməsi nazirliyin fəaliyyətində olan yeniliklərin, mədəniyyət və incəsənət sahəsində həyata keçirilən tədbirlərin daha geniş və çevik işıqlandırılmasına şərait yaradacaq. Bu, həm də mədəni dəyərlərin təbliğində əhəmiyyətli rol oynayacaq.
Yeni yaradılmış internet saytı 6 bölmə, 21 alt bölmə və 21 yarım bölmədən ibarətdir. Bu bölmələrdə nazirliyin strukturu, tabeliyində olan mədəniyyət müəssisələri, qədim diyarımızın tarixi-mədəni abidələri haqqında məlumatlar öz əksini tapıb.
Sayt Naxçıvanın mədəniyyət tarixi, müasir mədəni inkişafı ilə bağlı istifadəçilərə hərtərəfli məlumat verəcək.