REGİONLAR
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzində qısaməsafəli rentgen terapiya aparatı istifadəyə verilib
Naxçıvan, 15 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzində müasir standartlara cavab verən qısaməsafəli rentgen terapiya aparatı istifadəyə verilib.
Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparat 5 santimetr dərinliyə nüfuzetmə qabiliyyətinə malikdir və bu məsafədə olan bütün xərçəng hüceyrələrini məhv edir. Xüsusən bu avadanlıqdan qadınlarda süd vəzi xərçənginin, limfatik vəzlərin metastazı zamanı, dəri xərçənginin və bir sıra onkoloji xəstəliklərin müalicəsində tətbiq olunacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə alınan avadanlıq İngiltərə istehsalıdır və dünyanın qabaqcıl səhiyyə müəssisələrində geniş istifadə edilir.
İxtisaslı kadrla təmin olunmuş qısaməsafəli rentgen terapiya kabinəsinin fəaliyyətə başlaması onkoloji xəstələrin müalicəsində mühüm yer tutacaqdır. Belə ki, rentgen terapiya almaq üçün xəstələr əvvəllər Bakıya və ya qonşu ölkələrə üz tuturdularsa, artıq bu avadanlıq vasitəsilə Onkoloji Mərkəzdə müalicə alacaqlar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzi regionun vacib səhiyyə obyektlərindən biridir. 2009-cu ildə yeni binaya köçürülən bu mərkəzdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üçün müasir tələblərə cavab verən aparatlar quraşdırılıb.
Hazırda mərkəzdə süd vəzi xərçənginin diaqnostikası üçün ultrasəslə müayinə, rəqəmsal mammoqrafiya aparatları, onkoloji xəstəliklərin diaqnostikasında əsas rol oynayan, onkomarkerlər təyin olunan histoloji və sitoloji laboratoriya fəaliyyət göstərir. Mərkəzdə, həmçinin sümük-oynaq, yumşaq toxumalar, ağciyər və digər orqanların xəstəliklərinin diaqnostikası üçün rəqəmsal rentgen aparatı quraşdırılıb, şüa müalicəsinin “ROKS-AM” aparatı vasitəsilə aparılması təmin olunub.