REGİONLAR


Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda birinciliyin qalibləri müəyyənləşib

Naxçıvan, 13 oktyabr, AZƏRTAC

Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda keçirilən muxtar respublika birinciliyi başa çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyasının birgə təşkil etdiyi birincilikdə şəhər və rayonların, ümumilikdə, 8 komandası mübarizə aparıb. Reqlamentə əsasən birincilikdə çıxış edən hər komandanın heyətində 4 oğlan və 2 qız şahmatçı iştirak edib. Belə ki, oğlanlar 8, 10, 12 və 14 yaş, qızlar isə 10 və 14 yaş qruplarında mübarizə aparıblar.

“Naxçıvan” komandası 7 turda bütün görüşlərini qələbə ilə başa vuraraq Şahmat Federasiyasının kuboku uğrunda keçirilən birinciliyin qalibi olub. 10 xal toplayan “Babək” komandası birinciliyi ikinci pillədə başa vurub. Onlardan bir xal geri qalan “Ordubad” komandası isə üçüncü olub.

Sonda qalib komandalar kubokla, şahmatçılar isə diplom və medalla mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov təqdim ediblər.

Daha sonra Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov federasiyanın məşqçi-müəllimləri ilə görüş keçirib, onların fikir və təkliflərini dinləyib, tapşırıq və tövsiyələrini verib.

Yarışdan sonra idmançılar Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.