REGİONLAR


Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 53 layihə üzrə tədqiqatlar aparılıb

Naxçıvan, 9 iyun, AZƏRTAC

“Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində bu günədək 50 elmi rəhbərin və 95 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 53 layihə üzrə tədqiqatlar aparılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə “Sabahın tədqiqatçıları” layihəsinin başa çatması münasibətilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil naziri Rəhman Məmmədov danışıb.

Muxtar respublikanın Təhsil Nazirliyinin və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Rəhman Məmmədov qeyd edib ki, 2019-2020-ci tədris ilindən tətbiq edilən layihə çərçivəsində ötən dövr ərzində Naxçıvan şəhərində xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər AMEA Naxçıvan Bölməsinin alimləri tərəfindən elmi himayəyə götürülüb. Şagirdlərlə birgə laboratoriyalarda tədqiqatlar aparılıb, məruzə, tezis, referat və hesabatlar hazırlanıb.

“Şagirdlərin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməyə, onların müstəqil axtarışlara cəlb edilməsinə böyük töhfə olan “Sabahın tədqiqatçıları” layihəsinin növbəti tədris ilində də tətbiq edilməsi nəzərdə tutulub”, - deyən təhsil naziri təhsilə göstərdiyi diqqət və qayğıya görə tədbir iştirakçıları, o cümlədən bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib, “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçılarını tədris ili ərzində qazandıqları uğurlara görə təbrik edib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Sabahın tədqiqatçıları” layihəsinin gənc nəsildə elmə marağın formalaşdırılmasında, innovativ biliklərin təkmilləşdirilməsində və təcrübəyə tətbiqində oynadığı mühüm roldan söz açıb. Akademik qeyd edib ki, bu tədris ilində 23 elmi rəhbərin və 45 şagirdin iştirakı ilə 23 layihə işlənib hazırlanıb və 2 layihə üzrə işlər davam etməkdədir. Ümumilikdə, layihə çərçivəsində beynəlxalq müsabiqələrdə 4 layihə I yerə, 3 layihə II yerə, 3 layihə 3-cü yerə layiq görülüb.

Tədbirin sonunda layihə iştirakçılarına və onların elmi rəhbərlərinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin diplomları təqdim olunub.

Şagirdləri muxtar respublika və ölkə səviyyəli yarışlarda uğur qazandığına görə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin kollektivinə, həmçinin “Sabahın tədqiqatçıları” layihəsinə verdiyi təşkilati dəstəyə görə AMEA Naxçıvan Bölməsinin kollektivinə Təhsil Nazirliyinin təşəkkürnaməsi təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.