SİYASƏT


Naxçıvan Muxtar Respublikasında Yeni il şənlikləri keçirilir

Naxçıvan, 1 yanvar, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlində sabitlik, inkişaf və tərəqqi dayanır. Muxtar respublikanın davamlı inkişafı da bu siyasi xəttin bəhrəsidir. İnsanların rahat yaşayışının təmin olunması, mühüm sosial infrastruktur tədbirlərinin həyata keçirilməsi ölkəmizdə insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Əldə olunan inkişaf və tərəqqiyə görə Naxçıvan Muxtar Respublikasında hər Yeni il böyük ruh yüksəkliyi ilə qarşılanır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 1-də Naxçıvan şəhərində Yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib.

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyinin aparıcıları 2018-ci ildə muxtar respublikada inkişafın təmin olunması sahəsində görülən işlər, qazanılan uğurlar və həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Sonra Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər təqdim edilib, şən mahnılar səsləndirilib.

Bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən 28 istehsal və xidmət müəssisəsi, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.

Uşaqlardan Nəsrin Kərimova və Uğur Məmmədli Ulu Öndərimizə, ölkə Prezidentinə və Naxçıvana həsr olunmuş şeirlər söyləyiblər.

Naxçıvan şəhər sakini Firuzə Abdullayeva bayram təbriklərini çatdıraraq deyib: Bayramları böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Çünki ölkəmizdə, o cümlədən muxtar respublikada insanların yaxşı yaşaması qayğısına qalınır. Sakinlər inkişaf edən, tərəqqiyə qovuşan doğma Naxçıvanımızla qürur duyurlar.

Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Yeni il şənlikləri keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.