REGİONLAR


Naxçıvan Muxtar Respublikasında aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub

Naxçıvan, 13 yanvar, AZƏRTAC

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafının əhəmiyyətini xüsusi qeyd edib, qarşıya qoyulan hədəflərə nail olunmasının vacibliyini vurğulayıb.

Bu gün Naxçıvan Muxtar Respublikasında aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən il muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində atılan ən əhəmiyyətli addımlardan biri “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 25 iyul tarixli Qanununun tətbiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı olub. Bu qanun müstəqillik dövrü tarixində Naxçıvanın ənənəvi kənd təsərrüfatı bitkilərini məhv olmaq təhlükəsindən xilas edən, yerli bitki növlərinin sort təmizliyini qoruyacaq ən mühüm dövlət sənədidir.

Muxtar respublikada ilk dəfə qəbul edilən bu qanun toxum istehsalının, tədarükünün və istifadəsinin hüquqi əsaslarını müəyyən edir, əkinçilikdə mühüm qərarların verilməsində əsas baza rolunu oynayır. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkil edilməsi, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Bundan əlavə, istehsal olunan I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyalar ödənilir, eləcə də əkin sahəsinin hər hektarına fermerlərə 50 manat yardım verilir.

Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda muxtar respublika sahibkarlarının müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmasının da böyük rolu var. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, həm də şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövrdə “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə 1978 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib, onlardan 1688 ədədi nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara satılıb.

Muxtar respublikada, demək olar ki, hər il torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması tədbirlərinin şahidi oluruq. Bu da yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. 2015-ci ildə Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi, 2016-cı ildə Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilib. Ötən il isə Kəngərli rayonunun Böyükdüz kəndini əhatə edən yeni suvarma şəbəkəsinin açılışı olub ki, bu suvarma sisteminin qurulması nəticəsində 407 hektar torpaq sahəsində suvarma işləri yaxşılaşdırılıb.

Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhalinin tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır. Yeni və ənənəvi meyvə sortlarından ibarət bağların salınması davam etdirilir. Son illərdə ixrac qabiliyyəti yüksək olan meyvə növlərinin yetişdirilməsi diqqət mərkəzində saxlanılaraq bu istiqamətdə mühüm işlər görülüb. Belə ki, Naxçıvan-Sədərək avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən hissəsində ötən illər ərzində 100 hektara yaxın püstə bağı salınıb. Adıçəkilən rayonun Xok kəndinin ərazisində 2017-ci ildə əlavə olaraq 15 hektardan çox sahədə yeni badam bağı salınıb.

Son illərdə əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində daxili bazarın tələbatının ödənilməsinə imkan verir.

Kənd təsərrüfatının inkişafından söz düşmüşkən, onu da vurğulamaq lazımdır ki, indiyədək muxtar respublikada bu sahənin inkişafı üçün bir çox dövlət proqramları qəbul edilərək uğurla icra olunub. Hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” birbaşa və yaxud əsas etibarilə muxtar respublikada kənd təsərrüfatının inkişafını nəzərdə tutur. Bundan əlavə, son illərdə muxtar respublikanın paytaxt şəhəri Naxçıvanda müxtəlif festivalların təşkili ənənə halını alıb. Bu festivalların da, əsasən, kənd təsərrüfatı yönümlü olması bu sahənin təşviqinə göstərilən böyük diqqətin nəticəsi kimi qiymətləndirilməlidir.

Bütün bunlar onun göstərir ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı davamlı xarakter daşıyır və bu sahədə yaradılmış baza növbəti illərdə daha mühüm nailiyyətlərin qazanılmasına töhfə verəcək.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.