REGİONLAR
Naxçıvan Muxtar Respublikasında dövlət ailə siyasəti uğurla həyata keçirilir
Naxçıvan, 14 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ailə siyasəti tarixi keçmişimizə, min illərdən süzülüb gəlmiş milli-mənəvi dəyərlərimizə və əsrlərlə formalaşmış ailə münasibətlərinə əsaslanır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may – Beynəlxalq Ailə Günü münasibətilə keçirilən tədbirdə çıxış edən komitə sədri Ramilə Seyidova deyib.
Ramilə Seyidova vurğulayıb ki, ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Bu siyasət hər bir ailənin yaşayış səviyyəsinin yüksəldilməsinə, xüsusən xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Muxtar respublikada yaşayan xüsusi qayğıya ehtiyacı olan ailələrə mütəmadi olaraq baş çəkilir, onlara bayram günlərində hədiyyələr təqdim olunur, müavinətlər verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsi olaraq muxtar respublikada müharibə veteranlarına, şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş vətəndaşlara, eləcə də hərbi qulluqçuların, səmərəli fəaliyyət göstərən şəxslərin ailələrinə mənzillər verilir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq muxtar respublikanın rayonlarında və kəndlərində, eləcədə qadınlar və gənclər arasında müvafiq mövzularda konfranslar, seminarlar keçirilir, yazı və rəsm müsabiqələri təşkil edilir. Kütləvi informasiya vasitələrində müntəzəm çıxışlar olur, maarifləndirici tədbirlər görülür. Həmçinin qadınların məşğulluqlarının artırılması sahəsində sərgi-satışların keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada milli-mənəvi dəyərlərinə bağlı olan, adət-ənənələrini dərindən mənimsəyən nümunəvi uzunömürlü ailələrimizin hər il evlilik yubileyləri qeyd olunur.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev qeyd edib ki, ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər çərçivəsində, təkcə ötən il 28 şəhid ailəsi mənzillə, müvafiq kateqoriyadan olan 28 nəfər avtomobillərlə təmin olunub, cari ildə isə daha 20 ailəyə mənzil və avtomobillər təqdim edilib. Postmüharibə dövründə, ümumilikdə, 126 şəhidin 251 ailə üzvünə vəsiqələr verilib, 279 şəhid ailəsi üzvünə Prezident təqaüdü, 39 uşaq üçün sosial müavinət, 3 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin olunub. Həmçinin bu müddət ərzində ailə üzvlərində müharibə iştirakçısı üzvü olan 78 ailə özünüməşğulluq proqramına cəlb edilib.
Nazir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrasının əhalinin maddi rifah halının yüksəlməsinə əhəmiyyətli təsir göstərdiyini bildirib.
Çıxışlarda ailələrə göstərilən hərtərəfli dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Sonra uzunömürlü, şəhid, hərbiçi ailələrinin və ailə təsərrüfatı ilə məşğul olan ailənin üzvlərinin çıxışları dinlənilib. Çıxış edənlər onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıq ifadə ediblər. Ailə üzvlərinə hədiyyələr təqdim olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, sənətşünas-alim Nizami Alıyev çıxış edərək “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda IX muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinə marağın çox böyük olduğunu bildirib, qalibləri təbrik edib. Müsabiqənin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar. Tədbirdə müsabiqə qaliblərinin əl işləri sərgilənib.
Sonda Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qrupunun, 11 nömrəli Uşaq bağçasının balaca fidanlarının və nümunəvi musiqiçi ailəsinin ifasında musiqi nömrələri dinlənilib.