REGİONLAR


Naxçıvan Muxtar Respublikasında maraqlı biznes planları ilə fərqlənən qadınlara sərmayə kapitalı təqdim olunub

Naxçıvan, 13 dekabr, AZƏRTAC

“Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında keçirilən təlimlərdə maraqlı biznes planları ilə fərqlənən qadınlara sərmayə kapitalının verilməsi ilə əlaqədar muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində tədbir olub.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, layihə komitənin təşkilatçılığı və Avropa İttifaqı ilə BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunub.

Tədbirdə komitənin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi qadınların da işə münasibətini dəyişib, onların sahibkarlığa, xüsusən də ailə təsərrüfatlarının yaradılmasına marağını daha da artırıb. Bu isə qadınların digər sahələrdə olduğu kimi, özəl sektorda da yüksək nailiyyətlər əldə etməsinə öz təsirini göstərir. Belə ki, son illərdə muxtar respublikada təsisçisi və sahibkarı qadın olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları, fəaliyyətlərinin genişləndirilmələri üçün güzəştli şərtlərlə kredit verilib. Bunların məntiqi nəticəsidir ki, hazırda muxtar respublikada 6 mindən artıq qadın sahibkar fəaliyyət göstərir. Sahibkar qadınlar ərzaq, qeyri-ərzaq və kənd təsərrüfatı məsullarının istehsalında, xüsusən də əczaçılıq, ictimai iaşə sahələri, sənaye materiallarının satışı, lavaş istehsalı sahələrində fəaliyyət göstərirlər.

2019-cu il ərzində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin icra edildiyini bildirən Ramilə Seyidova qeyd edib ki, layihədə, əsasən, aztəminatlı ailələrdən olan 40 yaşadək qadınlar və sağlamlıq imkanları məhdud qadınlar iştirak ediblər. Layihənin həyata keçirilməsində əsas məqsəd qadınların ailə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsidir.

Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri deyib: “Layihə çərçivəsində “Gələcəyini planlaşdır” adlı 7 və “Öz biznesinə başla və onu inkişaf etdir” adlı 4 təlim keçirilib. Həmin təlimlərdə 289 qadın iştirak edib. Ümumilikdə, layihə çərçivəsində 63 qadına sərmayə kapitalı verilib ki, bugünkü tədbirdə Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan, öz biznes ideyaları ilə seçilən 24 qadına müvafiq müqavilələr və aktivlər paylanılıb. Sərmayə kapitalının 80 faizi qadınlara ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 20 faizi isə xalçaçılıq, toxuculuq, dərzilik, heykəltəraşlıq və digər sahələrlə məşğul olmaları və ya inkişaf etdirmələri üçün verilib. Qadınlardan 8-i maldarlıq, 2-si heyvandarlıq, 1-i quşçuluq, 1-i arıçılıq, 1-i əkinçilik, 2-si dərzilik, 7-si toxuculuq, 1-i konservləşdirmə, 1-i heykəltəraşlıq sahəsi ilə məşğul olacaq”.

Qeyd olunub ki, qadınlara, ümumilikdə, 9 iribuynuzlu (biri yanı balalı), 11 xırdabuynuzlu, 10 hind toyuğu, 10 arı ailəsi, 1500 kiloqram buğda toxumu, 8 kiloqram ip, 4 kiloqram əriş, 2 kiloqram arğac, 3 ədəd hana, 3 ədəd tikiş maşını, 10 metr parça, 5 metr parça yapışqan, 10 rulon yapışqan, 170 sap, 50 düzüm təbii daş, 150 süni gül, mal-qara, quş üçün yem və digər lazımi vasitələr verilib.

Ramilə Seyidova qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.

Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək assosiasiya ilə qadınlar arasında imzalanan müqavilələr haqqında ətraflı məlumat verib. O, bundan sonra layihə ilə bağlı keçiriləcək tədbirlər haqqında iştirakçıları ətraflı məlumatlandırıb.

Layihə iştirakçısı Reyhanə Rəhimova onlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Tədbirdə sərmayə kapitalı verilən qadınlara müqavilələr təqdim olunub.

Sonra sərmayə kapitalının dəyərində alınmış aktivlərə yerində baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.