REGİONLAR
Naxçıvan Muxtar Respublikasında tikinti-quruculuq işləri uğurla davam etdirilir FOTOREPORTAJ
Naxçıvan, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamına əsasən, hər il aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur.
Bununla bağlı AZƏRTAC-ın Naxçıvan bürosunun hazırladığı məqaləni təqdim edirik.
Bu gün Naxçıvan Muxtar Respublikasında yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir, şəhər və rayonlarımızda müasir binalar ucaldılır, tarixi abidələr bərpa olunur. Qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru muxtar respublikaya sürətli quruculuq, səmərəli podratçılıq, yüksək keyfiyyət və müasir dizayn gətirib. Böyük təcrübə sahibi olan muxtar respublika inşaatçıları öhdələrinə götürdükləri işi qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırır, verilən tapşırıqları vaxtında yerinə yetirirlər. Tikinti-quruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürülür, Naxçıvan memarlıq məktəbinin ənənələri yaşadılır. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib.
İnvestisiya qoyuluşları bütün fəaliyyət istiqamətlərini əhatə edib
Bu gün muxtar respublikada tarazlı inkişaf təmin olunub, investisiya qoyuluşları bütün fəaliyyət istiqamətlərini əhatə edib. Belə ki, 2018-ci ildə muxtar respublikada infrastruktur quruculuğu istiqamətində əsas kapitala 1 milyard 17 milyon 79 min manat vəsait yönəldilib, bunun da 947 milyon 798 min manatı və ya 93,2 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Aparılan işlər təsərrüfat həyatının bütün sahələrini əhatə edir. Ötən il muxtar respublikada 2114 şagird yerlik 8 tam orta məktəb binası, 7 kənd və 7 yeni xidmət mərkəzi daxil olmaqla, 212 müxtəlif təyinatlı obyekt istifadəyə verilib.
Son 24 ildə muxtar respublikanın quruculuq xəritəsi xeyli genişlənib, yeni istehsal müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün müasir binalar, hərbi təyinatlı obyektlər tikilərək istifadəyə verilib. 1995-2018-ci illərdə bütün maliyyə mənbələrində əsas kapitala yönəldilmiş vəsaitin dəyəri 9 milyard 719 milyon 968 min manat olub ki, bunun da 8 milyard 633 milyon 785 min manatdan çoxu tikinti-quraşdırma işlərinə sərf olunub. 396 elm və təhsil ocağı, o cümlədən 284 ümumtəhsil məktəbi, 491 mədəniyyət, 285 səhiyyə, 52 idman obyekti, 582 inzibati bina, 156 şəhər, qəsəbə və kənd mərkəzi, 726 mənzil təsərrüfatı üzrə obyekt, 645 kommunal infrastruktur obyekti, 181 körpü, əlil, məcburi köçkün, qaçqın və şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 516 fərdi ev, 6661 istehsal, xidmət və digər infrastruktur obyektləri tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib.
Naxçıvanda yeni elektrik stansiyaları qurulub
Blokadanın yaratdığı problemlərdən biri də enerji resurslarına çıxış imkanlarının məhdud olması idi. Ötən illərdə bu sahədə də intensiv tədbirlər həyata keçirilib, infrastruktur müasir standartlara uyğun yenilənib, davamlı olaraq yeni elektrik stansiyaları qurulub ki, bu da, son nəticədə, enerji təhlükəsizliyinin təmin olunmasına imkan verib. Ötən dövrdə Naxçıvan Modul Elektrik Stansiyası, Biləv Su Elektrik Stansiyası, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları, 3 Günəş Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində su elektrik stansiyası tikilib, Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası yenidən qurulub. Hazırda Ordubad rayonunda Ordubad Su Elektrik Stansiyasının inşası davam etdirilir.
Yol-nəqliyyat infrastrukturu təkmilləşdirilib
Müasir yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının əsas göstəricilərindən biridir. Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bu gün muxtar respublikada aparılan tikinti-quruculuq işlərinin əsasını təşkil edir. Son illər muxtar respublikanın bütün bölgələrində avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin edilib, şəhər və rayon mərkəzlərində müasir yollar çəkilib, magistral və yerli əhəmiyyətli yollar yenidən qurulub. Belə ki, muxtar respublikanın blokada şəraitindən çıxaraq qonşu ölkələrlə xarici ticarət əlaqələrinin genişləndirilməsində, İpək Yolunun bir hissəsi olan beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa və 88,8 kilometr uzunluğunda Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları əsaslı təmir olunub. Eləcə də Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, Babək rayonunda uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları yenidən qurulub. Son on ildə muxtar respublikada 1198 kilometr uzunluğunda yeni avtomobil yolları salınıb, 50 körpü tikilib, 15 körpü isə əsaslı təmir olunub. Hazırda Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Tarixi abidələrin bərpası diqqət mərkəzindədir
Yeni obyektlərin inşası ilə yanaşı, tarixi abidələrin bərpası da diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirdiyi tədbirlər çərçivəsində hər il yeni abidələr bərpa olunaraq tarixi görkəmi özünə qaytarılır. Bu işdə muxtar respublika inşaatçıları fəal iştirak edir, abidələrimiz tarixi görkəmi saxlanılaraq bərpa olunur. Son illər bərpa olunan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuhun türbəsi, Əlincəqala tarixi abidəsi, Gülüstan türbəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, buzxanalar, Qarabağlar Türbə Kompleksi, Nehrəm İmamzadəsi, Yengicədəki Şərq hamamı və Qazançı körpüsü Naxçıvanın zəngin tarixi-mədəni irsini özündə yaşatmaqla yanaşı, həm də bu torpaqda qədim tikinti mədəniyyətindən, memarlığın inkişafından xəbər verir.
Əməyin mühafizəsi təmin edilir və təhlükəsizlik qaydalarına əməl olunur
Muxtar respublikanın tikinti sektorunda çalışan işçilərin sağlamlığının qorunması və tikinti işləri zamanı keyfiyyətin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində tikinti sektorunda işlərin keyfiyyətlə aparılması, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması barədə keçirilən müşavirələrdə bu məsələ ilə bağlı aidiyyəti orqanlara konkret tapşırıqlar verilib.
Peşə bayramlarını qeyd edən muxtar respublika inşaatçıları bundan sonra da əzmlə çalışacaq, yaradıcı əməklərini müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının daha da inkişafına sərf edəcəklər.