REGİONLAR
Naxçıvan Muxtar Respublikasında torpaqların ekoloji qiymətləndirilməsi aparılır
Naxçıvan, 3 yanvar, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Tоrpaq Ehtiyatları laboratоriyası tərəfindən Naxçıvan Muxtar Respublikasının inzibati rayonlarında mədəni və təbii bitkilər altındakı torpaqların ekoloji qiymətləndirilməsi aparılır.
Bölmənin informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev bu məqsədlə Babək rayonunda ekskursiyada olub, torpaq, bitki nümunələri götürüb və fiziki, kimyəvi, morfoloji cəhətdən təhlillər aparıb.
Tədqiqat işlərinin nəticələri əsasında inzibati rayon torpaq-kadastr yarımrayonlarına ayrılıb və təsərrüfatların sahələri üzrə ixtisaslaşdırılması aparılıb. Cari ildə Culfa və Şahbuz rayonlarında da tədqiqat işlərinin aparılması nəzərdə tutulub.