REGİONLAR


“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla başa çatdırılıb

Naxçıvan, 7 fevral, AZƏRTAC

Ölkə iqtisadiyyatında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikası bütün sahələrdə sistemli şəkildə həyata keçirilən islahatlarla dinamik inkişaf dövrünü yaşayır. Qazanılan uğurların təməlində dayanan əsas faktorlardan biri qəbul olunan Dövlət proqramlarının uğurla həyata keçirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyət kəsb edib.

Naxçıvanda 15 minə yaxın yeni iş yeri açılıb

AZƏRTAC-ın Naxçıvan bürosunun Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, icrası uğurla başa çatdırılan Dövlət Proqramı və həyata keçirilən digər mühüm tədbirlər nəticəsində muxtar respublikada bütün makroiqtisadi göstəricilərin artımı təmin edilib, dinamik inkişaf qorunub saxlanıb. Dövlət Proqramına uyğun olaraq Naxçıvanda müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, 2014-2018-ci illərdə muxtar respublikada sahibkarlara 113 milyon 762 min 900 manat kredit verilib. Bu kreditlərdən 40 milyon 164 min 600 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 73 milyon 598 min 300 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bütün bunlar səmərəli məşğulluğun təmin edilməsinə öz töhfəsini verib, 15 minə yaxın yeni iş yeri açılıb.

Müxtəlif tutumlu 9 soyuducu anbar, 14 istixana, 43 heyvandarlıq təsərrüfatı yaradılıb

2014-2018-ci illərdə özəl sektorun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib. İstehsal olunan məhsulların satışı zamanı mövsümi problemlərin həlli və əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatı məqsədilə ümumi tutumu 2330 ton olan 9 müxtəlif tutumlu soyuducu anbar, 14 istixana, 43 heyvandarlıq təsərrüfatı yaradılıb, 10 heyvandarlıq təsərrüfatı isə genişləndirilib. Bundan əlavə, əhalinin mövsümi tərəvəz məhsulları ilə təminatının yaxşılaşdırılması üçün istixana komplekslərinin yaradılması və genişləndirilməsi məqsədilə 1 milyon 110 min 800 manat, heyvandarlıq təsərrüfatlarının yaradılması üçün 45 milyon 104 min 200 manat həcmində kreditlər verilib.

Məhsul istehsalçılarına müxtəlif təyinatlı 1130 kənd təsərrüfatı texnikası verilib

Aqrar sahədə digər mühüm məsələ məhsul istehsalçılarının müasir texnika və mineral gübrələrlə vaxtında təchiz edilməsidir. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazalarının balansına tələbata uyğun kənd təsərrüfatı texnikaları verilib. 2014-2018-ci illərdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müxtəlif təyinatlı 1130 kənd təsərrüfatı texnikası alınaraq gətirilib və məhsul istehsalçılarına verilib. Aqrar sahənin elmi şəkildə inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi, həmçinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi üçün yeni inzibati bina istifadəyə verilib, müasir avadanlıqlarla təchiz edilmiş Aqrokimya Laboratoriyası yaradılıb.

616 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib

Kənd təsərrüfatı məhsulları istehsalının artırılması və yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsi məqsədilə müxtəlif layihələrin həyata keçirilməsi muxtar respublikada aqrar sahənin davamlı inkişafında xüsusi rol oynayıb. Dövlət Proqramına uyğun olaraq kənd yerlərində torpaqların suvarma və meliorasiya təminatının yaxşılaşdırılmasına, torpaq və su ehtiyatlarından səmərəli istifadəyə xüsusi diqqət yetirilib. Belə ki, 2014-2018-ci illərdə kənd təsərrüfatı torpaqlarında 406 min 810 metr kollektor-drenaj şəbəkəsinin, 906 min metr suvarma kanallarının tikintisi, bərpası və yenidən qurulması həyata keçirilib, əkin sahəsinin su təminatının yaxşılaşdırılması üçün 71 subartezian quyusu qazılıb, 4850 hektarda su təminatının yaxşılaşdırılması tədbirləri görülüb. Həyata keçirilən meliorativ tədbirlər çərçivəsində 2018-ci ildə 616 hektar sahəni əkin dövriyyəsinə daxil etməyə imkan verən qapalı suvarma şəbəkəsi yaradılıb.

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən istifadə, yaşıllaşdırma, meşəliklərin salınması istiqamətində işlər uğurla davam etdirilib, 2711 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri aparılıb, 2 milyon 208 minə yaxın ağac və gül kolu əkilib.

Qida məhsullarının ixrac potensialı artırılıb

Muxtar respublikada əhalinin qida məhsulları ilə etibarlı təminatı sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilib. Görülmüş tədbirlərin davamı olaraq, muxtar respublikada əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün də əsas vəzifələrdən biri kimi müəyyən olunub. Bu məqsədlə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası Avropa İttifaqı ölkələri tərəfindən beynəlxalq akkreditasiyadan keçirilib və cəmiyyət tərəfindən verilən keyfiyyət sertifikatları ilə ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılmasına şərait yaranıb.

İstehsal olunan məhsulların ixracının artırılması məqsədilə ixrac şirkətlərinin yaradılması və fəaliyyətlərinin dəstəklənməsi istiqamətində “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib və yerli məhsulların Bakı şəhərində satışı həyata keçirilib. İxracatla məşğul olmaq istəyən naxçıvanlı sahibkarların biznes əlaqələrinin genişləndirilməsi üçün 2014-2018-ci illərdə ölkə daxilində və xaricdə keçirilən 126 biznes-forum, sərgi və konfransda 714 sahibkarlıq subyektinin iştirakı təmin edilib. Muxtar respublikada xarici ticarət əməliyyatlarının aparılmasında gömrük infrastrukturunun təkmilləşdirilməsi istiqamətində “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina və anbar kompleksi istifadəyə verilib.

Son 5 ildə 52 kənd və 54 xidmət mərkəzi istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasında kənd və xidmət mərkəzlərinin yaradılması əhalinin tələbat və ehtiyaclarının ödənilməsinə, ümumi inkişafa böyük təkan verir, vaxt itkisinin qarşısını alır. Artıq muxtar respublikada kəndtipli yaşayış məntəqələrində nümunəvi kənd mərkəzləri salınıb, son 5 ildə 52 kənd və 54 xidmət mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikasının rabitə sisteminin dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi, strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi əsas məsələlərdən biri kimi diqqət mərkəzində olub. 2014-2018-ci illərdə 42 ATS istismara verilib, 195 ATS tam elektronlaşdırılıb, 58 poçt binası tikilib və ya əsaslı təmir olunub. Ötən ildə Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi yaradılıb, Şərur rayonunda İbadulla Radio-Televiziya Verici Stansiyası üçün yeni bina tikilib və avadanlıqlar alınıb. Ötən dövrdə 4-cü nəsil kommunikasiya sistemləri quraşdırılaraq əhalinin istifadəsinə verilib, yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidməti yaradılıb.

317,8 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları, 24 körpü tikilib

İqtisadiyyatın inkişafında mühüm rol oynayan nəqliyyat sektorunda həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində muxtar respublikada avtomobil yollarının çəkilməsi və yenidən qurulması, körpülərin tikintisi, yol şəbəkələrinin bərpası işləri davam etdirilib. Ötən beş il ərzində 317,8 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları, 24 körpü tikilib, 14 körpü əsaslı təmir olunub. Təkcə 2018-ci ildə 50,4 kilometr uzunluğunda avtomobil yolları salınıb, bir körpü tikilib, bir körpü isə bərpa olunub, Naxçıvan Beynəlxalq Hava Limanında maşın və mexanizmlər üçün qaraj kompleksi yaradılıb, hava limanının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 25 adda 30 yeni texnika və avtomobil alınıb. Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan şəhərində 5 yeni avtobus marşruta buraxılıb.

Ötən beş ildə 3 elektrik stansiyası istifadəyə verilib

Muxtar respublikada yaşayan əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması və iqtisadiyyatın davamlı enerji təchizatı ilə təmin olunması istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ötən beş il ərzində 3 elektrik stansiyası tikilib, 622,7 kilometr elektrik verilişi xətləri çəkilib və əsaslı təmir olunub, 784 transformator və 181 yarımstansiya quraşdırılıb və ya əsaslı təmir edilib. Bununla enerji istehsalı müəssisələrinin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılıb. Hazırda Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binasının və 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.

Sosial məsələlər diqqət mərkəzindədir

Muxtar respublika iqtisadiyyatının inkişafı infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı və kanalizasiya sahəsində də köklü dəyişikliklərə səbəb olub. Əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində 2014-2018-ci illərdə 1108 kilometr su xətti, 699,5 kilometr kanalizasiya xətti çəkilib. 2018-ci ildə Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsi, Babək rayonunun Şəkərabad kəndində içməli su təchizatı və kanalizasiya sistemi, Şahbuz rayonunda təmizləyici qurğular sistemi istifadəyə verilib.

Əldə olunmuş iqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin gerçəkləşdirilməsi, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin, xüsusilə də aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 2014-2018-ci illərdə bu qəbildən olan insanlara 17 fərdi ev və mənzil verilib.

Muxtar respublikada 85 elm, təhsil və 60 səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir olunub

Dövlət Proqramının icrası ilə əlaqədar 2014-2018-ci illərdə muxtar respublikada sosial infrastruktur obyektlərinin, xüsusən də təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilib. Ümumilikdə, qeyd olunan dövrdə muxtar respublikada 85 elm və təhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub.

İqtisadiyyatın dinamik inkişafı səhiyyə sahəsinə də əhəmiyyətli şəkildə təsir edib, muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksəlib. Muxtar respublikada istifadəyə verilmiş yeni xəstəxanalar və mövcud tibb ocaqlarının yenidən qurulması sübut edir ki, vətəndaşların sağlamlığının təmin edilməsi dövlətin daim diqqət mərkəzindədir və bu siyasət 2014-2018-ci illərdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Dövlət Proqramına əsasən 60 səhiyyə müəssisəsi tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib.

Muxtar respublikada mədəni irsin qorunması, tarixi və mədəniyyət abidələrinin bərpası və mühafizəsi, mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi üzrə müvafiq tədbirlər davam etdirilib, ümumilikdə, ötən beş ildə 137 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunaraq istifadəyə verilib.

Həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də beynəlxalq standartlara malik yeni, müasir idman obyektlərinin tikintisi və idmanın kütləviliyinin təmin edilməsidir. Ötən dövrdə muxtar respublikada 13 idman müəssisəsi tikilib və ya əsaslı təmir olunub.

2018-ci ildə muxtar respublikaya 415 minə yaxın turist gəlib

Muxtar respublikada otel biznesinin dünya standartları səviyyəsində yenidən qurulması, turizm sahəsinə investisiyaların cəlb edilməsi, müasir mehmanxana komplekslərinin yaradılması, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, çox sayda turistlərin qəbulu üçün silsilə tədbirlərin reallaşdırılması turizm sektorunun inkişafında mühüm rol oynayıb. Bütün bunlar muxtar respublikanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, bura gələn turistlərin sayının artmasına da zəmin yaradıb. 2018-ci ildə muxtar respublikaya 415 minə yaxın turist gəlib ki, bu da ötən beş illə müqayisədə 9,7 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” və “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası bu sahənin inkişafına geniş imkanlar yaratmaqdadır.

Dövlət Proqramından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi nəinki bölgələrin, eləcə də muxtar respublikamızın şəhər, rayon və kəndlərinin simasını tanınmaz dərəcədə dəyişərək əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə verib.

AZƏRTAC-ın Naxçıvan bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.