REGİONLAR


“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bu ilin ilk 6 ayında da uğurla icra edilib

Naxçıvan, 4 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında əhalinin sosial rifahının və iqtisadi sahədə səmərəli təşəbbüskarlığın təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Görülən işlər sosial infrastrukturun yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına və əhali gəlirlərinin artırılmasına yol açır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əldə edilən nailiyyətlərin əsasında dayanan mühüm faktorlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra edilməsidir. Proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi cari ilin birinci yarım ilində də diqqətdə saxlanılıb, həyata keçirilən tədbirlər yeni nailiyyətlərə yol açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında əsas inkişaf göstəriciləri üzrə müsbət dinamika qorunub saxlanılmış, sosial-iqtisadi islahatlar və tikinti-quraşdırma işləri davam etdirilmişdir”.

Muxtar respublikada tikinti-quruculuq işləri geniş
vüsət alıb

Naxçıvanda tikinti-quruculuq işlərinin geniş vüsət alması, abadlıq tədbirlərinin həyata keçirilməsi şəhər və rayonların simasını başdan-başa dəyişir. Görülən işlər insanların rahatlığını təmin edir, müasir infrastrukturun formalaşmasına səbəb olur və turizmin inkişafı üçün yeni imkanlar açır. Birinci yarım ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə keçirilən tədbirlərdə Şərur rayonunun Çərçiboğan kəndində yeni tam orta və uşaq musiqi məktəbləri, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, eləcə də Şərur Rayon Mədəniyyət Sarayı, “Naxçıvan Saray” kompleksi, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin, Kəngərli Rayon Baytarlıq İdarəsinin, Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin yeni inzibati binaları, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında əsgər yataqxanası, idman və 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksləri, Şahbuz şəhərində hərbçi ailələri üçün xidməti yaşayış binası istifadəyə verilib. Bu dövrdə Ali Məclisin Sədri, ümumilikdə, müxtəlif təyinatlı 17 obyektin istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak edib, 4 obyektin tikinti və yenidənqurma layihələrinə baxıb. Dövlət Proqramının icrası istiqamətində 4 inzibati binada yenidənqurma, 7 inzibati binada təmir işləri, 1 yaşayış binasının fasadının üzlənməsi başa çatdırılıb.

Bu ilin birinci yarısında 15 şəhid ailəsinə və qaziyə mənzillər təqdim olunub, 16 qaziyə avtomobil verilib

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən irimiqyaslı layihələrin başlıca məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının yaxşılaşdırılmasıdır. Dövlət Proqramında bu istiqamətdə nəzərdə tutulan tədbirlərin icrası ilin birinci yarısında da davam etdirilib, Ali Məclis Sədrinin iştirakı ilə 15 mart və 9 iyun tarixlərdə keçirilən tədbirlərdə 15 şəhid ailəsinə və qaziyə mənzillər təqdim olunub. Həmçinin bu dövrdə 16 qaziyə avtomobil verilib, 4 qazinin kredit borcu silinib, 4 şəhid ailəsi və 6 qazinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Birinci yarım ildə 182 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin olunub, əlavə olaraq əvvəlki dövrdə aktiv verilən və təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirən 1 ailəyə otdoğrayan, 5 ailəyə arpa-buğda qıran aqreqat verilib.

İxracat artıb - 13 müəssisə tərəfindən 14 adda məhsul 9 xarici ölkəyə və Bakı şəhərinə ixrac olunub

Sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurlarda özəl sektorun xüsusi çəkisi vardır. Sahibkarlığın inkişafı muxtar respublikada məhsul bolluğunun yaradılmasına və əhalinin səmərəli məşğulluğunun təmin olunmasına imkan verir. Dövlət Proqramında da sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi və onların ixrac fəaliyyətinin genişləndirilməsi ilə bağlı tapşırıqlar nəzərdə tutulub. Ümumilikdə, birinci yarım ildə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə 15 milyon 978 min 160 manat məbləğində güzəştli şərtlərlə kreditlər verilib. İxracyönümlü fəaliyyət göstərən 13 müəssisə tərəfindən 14 adda məhsul 9 xarici ölkəyə və Bakı şəhərinə ixrac olunub. Bu məqsədlə həmin müəssisələrə 95 mənşə sеrtifikаtı, həmçinin ixrac potensialının artırılması məqsədilə 5 hüquqi şəxsə təqdim etdikləri investisiya layihələri çərçivəsində, ümumilikdə, 11 təsdiqedici sənəd verilib.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ixrac potensiallı məhsullar üzrə 1108 laboratoriya təhlili aparılıb, təsərrüfat subyektlərinə məhsulların texniki normaları və standartları üzrə 50 halda informasiya dəstəyi göstərilib. Sahibkarların xarici ölkələrdə ticarət tərəfdaşlarının tapılmasına dəstək məqsədilə 19 beynəlxalq tədbirdə 47 sahibkarlıq subyektinin 71 nümayəndəsinin iştirakı təmin olunub. İxracyönümlü məhsul istehsal edən sahibkarlıq subyektlərinin nümayəndələri üçün ISO beynəlxalq standartlarının tətbiqinə və sənayedə brendləşməyə dair 2 maarifləndirici seminar keçirilib.

Yerli xammala əsaslanan 6 istehsal sahəsi yaradılıb, 13 istehsal sahəsinin yaradılması davam etdirilib

Yanvar-iyun aylarında muxtar respublikada yerli xammala əsaslanan 6 istehsal sahəsinin yaradılması, 3 istehsal sahəsinin genişləndirilməsi, 2 istehsal sahəsinin bərpası başa çatdırılıb, 13 istehsal sahəsinin yaradılması və 7 istehsal sahəsinin genişləndirilməsi davam etdirilib. Ümumilikdə, bu dövrdə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 90 layihə üzrə işlər başa çatdırılıb, yeni yaradılan istehsal sahələrində 267 iş yeri açılıb.

Birinci yarım ildə 590 milyon 692 min 100 manat dəyərində sənaye məhsulu istehsal olunub

Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin “Sənaye ili” elan edilməsi bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin intensiv xarakter almasına səbəb olub. Birinci yarım ildə muxtar respublikada 590 milyon 692 min 100 manat dəyərində sənaye məhsulu istehsal olunub, Şərur Sənaye Məhəlləsində işlər davam etdirilib. Bu günədək sənaye məhəlləsində üçmərtəbəli inzibati bina, 3 istehsal korpusu, eləcə də transformator, foseptik quyu, mühafizə otağı, yanğın və içməli su anbarı üçün, ümumilikdə, 273 kvadratmetr sahədə yardımçı tikililər inşa olunub. Hazırda burada 2 mebel və 1 ayaqqabı istehsalı müəssisəsi fəaliyyət göstərir. Bitki yağı, məktəbli ləvazimatları, corab, süd məhsulları, kağız kisə və karton tara istehsalı, meyvə-tərəvəzin konservləşdirilməsi və qurudulması sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Qeyd edilənlərlə yanaşı, Naxçıvanda yeni Duz İstehsalı Müəssisəsinin tikintisi də davam etdirilməkdədir.

31 heyvandarlıq, 2 quşçuluq təsərrüfatı yaradılıb

Dayanıqlı iqtisadi mühitin formalaşdırılmasına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə təsir edən mühüm faktorlardan biri kənd təsərrüfatıdır. Aqrar sektorun inkişafı həm ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə, həm ixrac potensialının artırılmasına, həm də sənaye sahəsində etibarlı xammal bazasının yaradılmasına imkan verir. Birinci yarım ildə Naxçıvanda 152 milyon 692 min 100 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu dövrdə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 31 heyvandarlıq, 2 quşçuluq təsərrüfatının yaradılması, 13 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 11 heyvandarlıq, 1 quşçuluq təsərrüfatının yaradılması, 11 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 heyvandarlıq kompleksinin və 1 quşçuluq fermasının yenidən qurulması davam etdirilib.

Proqramın icrasına uyğun olaraq aqrar sahədə 2540 sığorta müqaviləsi bağlanılıb. Bu dövrdə 5897 baş iribuynuzluda süni mayalanma işləri aparılıb, ötən dövrdən mayalanan 7938 baş cins bala doğulub. Culfa Rayon Baytarlıq İdarəsi üçün inzibati binanın tikintisi davam etdirilib.

İlin birinci yarısında “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 93 müxtəlif texnika və texnoloji avadanlıq alınaraq ehtiyat yaradılıb, 99 texnika və texnoloji avadanlığın güzəştli şərtlərlə mülkiyyətçilərə verilməsi təmin olunub.

Muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən 50 ailə təsərrüfatına güzəştli şərtlərlə kreditlər verilib

Aqrar sektorun davamlı inkişafına təsir edən amillərdən biri də ailə təsərrüfatlarıdır. Muxtar respublikada ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısı yerli istehsalın genişləndirilməsinə, əhalinin məşğulluğunun artırılmasına və ailə biznesinin qurulmasına şərait yaradır. Birinci yarım ildə ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 50 təsərrüfata, ümumilikdə, 766 min 300 manat həcmində güzəştli şərtlərlə kredit verilib. Bu dövrdə ailə təsərrüfatları 6174 tara ilə təmin olunub, 28 təsərrüfata istehsal etdikləri məhsulların etiketinin hazırlanmasında köməklik göstərilib. “Naxçıvan Məhsulları” publik hüquqi şəxs tərəfindən ailə təsərrüfatlarından 13 adda ərzaq məhsulları alınaraq qapalı dövlət müəssisələrinin təchizatına yönəldilib. Cari ilin birinci yarısında 48 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, 30 ailə təsərrüfatının icarəsinə verilmiş 7 hektar torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Kənd təsərrüfatı məhsulları istehsalının sabit şəkildə artırılmasına meliorasiya-irriqasiya tədbirləri mühüm təsir göstərir. Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bu istiqamətdə aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə keçirilən tədbirdə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 2200 hektar torpaq sahəsini suvarma suyu ilə təmin edəcək yeni nasos stansiyası və təzyiqli boru xətti istifadəyə verilib. Əlavə olaraq birinci yarım ildə Böyükdüz və Xok kəndlərinin 3200 hektar torpaq sahəsini suvarma suyu ilə təmin edəcək Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisinə başlanılıb.

Proqramın icrası məqsədilə 2 subartezian quyusu qazılaraq istifadəyə verilib, Babək rayonunun Nehrəm qəsəbəsində 250 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 19 kilometr paylayıcı boru xətti çəkilib, 187 hovuz və hidrant quraşdırılıb. Çeşməbasar və Güznüt kəndləri ərazisində 240 hektar sahədə qapalı suvarma sisteminin tikintisi üçün hamarlama işləri aparılıb, 8 kilometr müxtəlif diametrli plastik borular qaynaq edilib. Bu dövrdə 151 kilometr kanal, 102 kilometr ara arx və 4 kilometr kollektor lildən təmizlənib, 4 kilometr selə qarşı istiqamətləndirici bənd tikilib. Ümumilikdə, 64 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb. Qeyd edilənlərlə yanaşı, ilin birinci yarısında 12 kilometr içməli su xəttində, 2 kilometr kaptajlarda təmir-bərpa işləri aparılıb. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində 29 kilometr içməli su xətti çəkilib, 1151 sayğac quraşdırılıb, 183 evin su xəttinə birləşməsi aparılıb.

Yol təsərrüfatı və nəqliyyatın inkişafı sahəsində nəzərdə tutulan tədbirlər uğurla reallaşdırılır

Dövlət Proqramında yol təsərrüfatı və nəqliyyatın inkişafı sahəsində nəzərdə tutulan tədbirlərin reallaşdırılması da sosial-iqtisadi inkişafa təkan verən amillərdəndir. Nəqliyyat sosial-iqtisadi təhlükəsizliyin əsas təminatlarından biri hesab olunur. Bu sahədə müasir infrastrukturun və intensiv hərəkətə malik nəqliyyat vasitələrinin mövcudluğu bir tərəfdən istehsal məhsullarının alıcıya vaxtında çatdırılmasına, digər tərəfdən fəaliyyətin səmərəli təşkilinə imkan verir.

Birinci yarım ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Dövlət Nəqliyyat Xidmətinə 6 yeni elektrobusun, Naxçıvan Beynəlxalq Hava Limanına teleskopik trapın və maşın-mexanizmlərin təqdim edilməsi ilə bağlı tədbirlərdə iştirak edib. Bu dövrdə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, ümumilikdə, 16 kilometr uzunluğunda avtomobil yollarının yenidən qurulması başa çatdırılıb. Xanlıqlar - Şərur şəhəri - Yengicə - Şəhriyar - Kürçülü-Kərimbəyli - Dəmirçi kənd avtomobil yolunun tikintisi davam etdirilib. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yararsız vəziyyətdə olan 1198 ağac şpal yeni şpallarla əvəz edilib, Culfa Lokomotiv Deposunda lokomotivlər 19 dəfə texniki baxışdan keçirilib, Culfa İstismar Vaqon Deposunda 27 vaqon təmir olunub.

Coğrafi və əlverişli iqlim şəraiti muxtar respublikada bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Fasiləsiz enerji təchizatı sosial-iqtisadi inkişafın digər mühüm istiqamətini təşkil edir. Müasir dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması keyfiyyətli enerji istehsal etməyin ilkin şərtidir.

Naxçıvanda elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpa olunan enerji ilə təmin edilir

Proqramda nəzərdə tutulan enerji təchizatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə mayın 5-də Şərur rayonunun Zeyvə kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib. Birinci yarım ildə muxtar respublikada 21 kilometr yeni elektrik xətləri çəkilib, 126 kilometr elektrik xətləri təmir edilib, 8 transformator yarımstansiyası quraşdırılıb, 2 kilometr hava elektrik xətləri yeraltı xətlərlə əvəz olunub. Ordubad və Tivi Su Elektrik stansiyalarının tikintisi davam etdirilib. Ali Məclisin Sədri deyib: “Muxtar respublikada elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpa olunan enerji ilə təmin edilir. Bu sahədə işlər davam etdirilir. Çünki təbii resurslardan istifadə edərək muxtar respublikanın elektrik enerjisinə olan tələbatını bərpa olunan enerji mənbələri hesabına ödəmək mümkündür”.

İnformasiya texnologiyalarının tətbiqi müasir idarəetmənin əsas tələblərindəndir

İnformasiya texnologiyalarının tətbiqi müasir idarəetmənin əsas tələblərindəndir. Muxtar respublikada dayanıqlı telekommunikasiya infrastrukturunun formalaşdırılması və internetdən istifadənin genişləndirilməsi ilə bağlı ardıcıl tədbirlər görülür. Proqramda nəzərdə tutulan rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri çərçivəsində yanvar-iyun aylarında Naxçıvanda 23 kilometr, o cümlədən “Evədək optika” layihəsi çərçivəsində 16 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib, 3 min abonent internetlə təmin olunub, 935 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilib. Bu dövrdə 9 dövlət qurumunun rəsmi internet saytı yenilənib. İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kurslara 315 dinləyicinin cəlb edilməsi bu sahədə kadr hazırlığının da diqqətdə saxlanıldığının mühüm göstəricisidir.

Dövlət əmlakının özəlləşdirilməsindən 482 min manat
vəsait daxil olub

Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası məqsədilə yanvar-iyun aylarında 3 qeyri-yaşayış sahəsinin və 54 nəqliyyat vasitəsinin özəlləşdirilməsi təmin edilib. Həmçinin bu dövrdə 53 qeyri-yaşayış sahəsi üzrə yeni icarə müqavilələri bağlanıb, 241 qeyri-yaşayış və 3 torpaq sahəsi üzrə bağlanmış icarə müqavilələrinin müddətləri uzadılıb. Ümumilikdə, dövlət əmlakının özəlləşdirilməsindən 482 min manat vəsait daxil olub, tоrpaq və qeyri-yaşayış sahələri üzrə bağlanmış icarə müqavilələrindən 86 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.