SİYASƏT
Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə bağlı Belqradda keçirilən tədbir Serbiya telekanalında VİDEO
Belqrad, 25 dekabr, AZƏRTAC
Serbiyanın “BK TV News” telekanalında Belqradda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar keçirilmiş tədbir haqqında süjet yayımlanıb.
Süjetdə bildirilir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə əvvəlcə Naxçıvandakı və Azərbaycanın digər bölgələrindəki tarixi abidələri, təbiət mənzərələrini əks etdirən fotolardan ibarət sərgi nümayiş olunub. Eyni zamanda, səfirliyin müşaviri Anar Əcəmovun Naxçıvanın tarixi, zəngin mədəniyyəti, Azərbaycanın önəmli bölgələrindən bir olması ilə bağlı məruzəsinə yer verilib.
Tamaşaçıların diqqətinə çatdırılıb ki, Naxçıvan torpağının görkəmli oğlu, dünya şöhrətli dramaturq Cəlil Məmmədquluzadənin serb dilində nəşr edilmiş “Seçilmiş əsərləri” kitabının təqdimatının da keçirildiyi tədbir Azərbaycan və Serbiya bəstəkarlarının əsərlərinin ifa olunduğu konsert proqramı ilə davam edib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad