REGİONLAR


Naxçıvan Muxtar Respublikasının 95 illiyi qeyd olunub

Naxçıvan, 14 mart, AZƏRTAC

Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçib. Naxçıvan Muxtar Respublikası ötən illər ərzində ölkəmizin iqtisadi və mədəni yüksəlişinə, hərtərəfli inkişafına layiqli töhfəsini verib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamına əsasən muxtar respublikanın 95 illik yubileyinin geniş qeyd edilməsi ilə bağlı müxtəlif silsilə tədbirlər keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə 20 ildən artıq dövrdə qədim diyarımızın möhtəşəm inkişaf və tərəqqi yolu keçdiyini vurğulayan Natəvan Qədimova bildirib ki, Ali Məclis Sədrinin qayğısı ilə ötən dövrdə muxtar respublikamızda mədəniyyətin inkişafı, milli dəyərlərimizin təbliği istiqamətində də mühüm işlər görülüb. 70-dən artıq dünya əhəmiyyətli abidə təmir və bərpa olunub. Bu illər ərzində 15-dən çox muzey yaradılıb, yeni uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, onlarla digər mədəniyyət müəssisəsi istifadəyə verilib.

Diqqətə çatdırılıb ki, qədim diyarımızda tarixi-mədəni irsin qorunub saxlanması sahəsində görülən işlər öz bəhrəsini verib. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” tədbirləri 2018-ci ildə uğurla keçirilib, “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Natəvan Qədimova deyib: Naxçıvan Muxtar Respublikası bu gün öz inkişaf və intibahının yeni mərhələsini yaşayır. Naxçıvan beynəlxalq tədbirlərin, idman yarışlarının, elmi konfransların keçirildiyi bir məkana çevrilib.

Tədbirin bədii hissəsində Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı göstərilib. “Ehsan xan Kəngərli” tarixi dramı XIX əsrin əvvəllərində Naxçıvan xanlığında baş verən ictimai-siyasi hadisələri əks etdirir. Rusiya-İran müharibəsi və Naxçıvanın ruslar tərəfindən işğal olunması əsərin əsas süjet xəttini təşkil edir.

İlk dəfə Naxçıvan teatrında səhnəyə qoyulan “Ehsan xan Kəngərli” tamaşasında Naxçıvan xanlığının düşdüyü çətin vəziyyətdən çıxış yolu axtaran Ehsan xanın siyasi düşüncələri və xüsusən ermənilərin Naxçıvana yerləşdirilməsinin qarşısını almaq üçün rus diplomatı Aleksandr Sergeyeviç Qriboyedovla apardığı söhbətlər, Naxçıvanın gələcək taleyi ilə bağlı məsələlər tamaşanın əsas leytmotivini təşkil edir.

Tamaşada Ehsan xanla yanaşı, Abbasqulu ağa Bakıxanovun da bədii obrazı diqqəti cəlb edir. Bakıxanov erməni fitnələrinin qarşısını almaq üçün Ehsan xana çıxış yolu tapmaqda kömək edir. “Ehsan xan Kəngərli” tamaşasında dövrün ictimai-siyasi hadisələri faktlarla səhnəyə gətirilir ki, bu da tamaşaçını cəlb edir.

Bu maraqlı tamaşanın elmi məsləhətçisi akademik İsmayıl Hacıyev, quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Tamaşada professional aktyor heyəti təmsil olunur.

Tamaşanın sonunda teatrsevərlər əsərin müəllifini və yaradıcı kollektivi alqışlarla qarşılayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.