REGİONLAR
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun 60 illik yubileyi qeyd olunub
Naxçıvan, 3 noyabr, AZƏRTAC
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun 60 illik yubileyi qeyd olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova muxtar respublikada tanınmış sənət adamlarına göstərilən yüksək dövlət qayğısından bəhs edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov bildirib ki, Səyyad Bayramov ömrünün 30 ildən çoxunu Naxçıvan teatrına, muxtar respublikada rəsm sənətinin inkişafına həsr edib, 20-dən artıq tamaşaya tərtibat verib. Onun yaxından iştirakı ilə ərsəyə gələn Hüseyn Cavidin “Topal Teymur”, Nəriman Nərimanovun “Nadir şah”, Nazim Hikmətin “Kor padşah”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərləri böyük tamaşaçı marağına səbəb olub. Səyyad Bayramov rəssamlıq sənətinin digər janrlarında da uğurlu nümunələr yaradıb. O, muxtar respublikada keçirilən yaradıcılıq müsabiqələrində və təşkil olunan sərgilərdə yaxından iştirak edir, maraqlı rəsm əsərləri ilə tamaşaçının rəğbətini qazanır. Səyyad Bayramov gənc rəssam kadrların yetişməsinə də öz töhfəsini verir. O, Rəssamlar Birliyinin üzvü kimi üzərinə düşən ictimai vəzifələrin öhdəsindən layiqincə gəlir. Səyyad Bayramovun yaradıcılığı və əməyi yüksək qiymətləndirilib, 2008-ci ildə o, “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adına, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezident təqaüdünə layiq görülüb. Bu gün 60 yaşı tamam olan Səyyad Bayramov yaradıcılığının məhsuldar bir dövrünü yaşayır.
Əli Həsənov Səyyad Bayramovun gələcəkdə də muxtar respublikada mədəniyyətin inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib, onu Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adından təbrik edib və yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev yubilyarı təbrik ediblər.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov yaradıcılığına yüksək qiymət verildiyinə, göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.