SİYASƏT


Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası” mövzusunda “dəyirmi masa” keçirilmişdir

Bakı, 9 may (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə nümayəndəliyin foyesindəki xüsusi guşədə Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvandakı fəaliyyətini əks etdirən fotostendlə tanış olmuşlar.

Tədbiri nümayəndəliyin rəhbərinin müavini Bəxtiyar Əsgərov açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunmasındakı rolundan danışmışdır.

Bildirilmişdir ki, 1990-cı il yanvarın 20-də keçmiş Sovet İttifaqının hərbi birləşmələrinin Bakıda törətdikləri kütləvi qırğına Moskvada etirazını bildirən Heydər Əliyev təqiblərə məruz qalaraq vətəninə dönmüşdür. Lakin sovet hökumətinin Bakıdakı muzdluları bu dahi insanın Azərbaycanın paytaxtında yaşamasına imkan verməmişlər. Həmin dövrdə Azərbaycana rəhbərlik edənlər bilirdilər ki, Heydər Əliyevin xalqla birliyinin qarşısı alınmasa, mərkəzi hakimiyyətin və onların Bakıdakı əlaltılarının saxtakarlığı üzə çıxacaqdır. Naxçıvana qayıdan Heydər Əliyev burada xalq tərəfindən məhəbbətlə qarşılanmışdır. O ağır günlərdə Heydər Əliyevin Naxçıvana qayıdışı xalqın sabaha olan inamını özünə qaytarmışdır. 1990-cı il sentyabrın 30-da keçirilən seçkilərdə Azərbaycan SSR və Naxçıvan MSSR Ali sovetlərinə deputat seçilmişdir. Noyabrın 17-də isə Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası keçirilmişdir. Bu sessiyada Heydər Əliyevin təşəbbüsü ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. Həmin sessiyada ilk dəfə olaraq üç rəngli milli bayrağımız rəsmi dövlət bayrağı kimi iclas salonuna gətirilmiş və bu gün müasir tariximizə “Milli Dirçəliş” günü kimi düşmüşdür. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini vəzifələrində işləyən Ulu Öndər muxtar respublikanı erməni işğalından xilas etmişdir.

B.Əsgərov demişdir ki, bu gün Naxçıvanda Heydər Əliyevin ideyalarının həyata keçirilməsinin nəticəsidir ki, muxtar respublika həyatının bütün sahələrində böyük inkişaf gedir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim diyarı Avropa ölkələri ilə müqayisə olunacaq səviyyəyə yüksəltmişdir.

“Dəyirmi masa”da çıxış edən Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirmişdir ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi işlərin miqyası o qədər böyükdür ki, bu işlər yalnız Azərbaycanla yanaşı, digər respublikalar üçün də faydalı olmuşdur. 1980-ci illərin əvvəllərində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyev Sovet İttifaqı kimi nəhəng bir dövlətin nəqliyyat, mədəniyyət, səhiyyə, təhsil sahələrinə rəhbərlik edirdi. Ulu Öndərin təşəbbüsü ilə həmin dövrdə tikilmiş səhiyyə müəssisələrində çalışan tanınmış tibb mütəxəssisləri bu gün Heydər Əliyevin xatirəsini ehtiramla yad edirlər.

Muxtar respublikada səhiyyənin inkişafından danışan Ə.Əmiraslanov bildirmişdir ki, bu gün Naxçıvanın ucqar kəndlərində belə müasir xəstəxanalar fəaliyyət göstərir, əhalinin sağlamlığının qorunmasına yüksək diqqət yetirilir. Naxçıvan Diaqnostika Müalicə Mərkəzində artıq açıq ürək əməliyyatları da aparılır.

Milli Məclisin deputatı Eldar İbrahimov ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrindən danışaraq bildirmişdir ki, 1990-1993-cü illərdə blokada şəraitində yaşayan Naxçıvanda ərzaq qıtlığı yaranmışdı. Bu problemi aradan qaldırmaq üçün Heydər Əliyev öz şəxsi nüfuzundan istifadə edərək İran İslam Respublikası və Türkiyə Respublikası ilə iqtisadi əlaqələr qurmuş, muxtar respublika əhalisini ərzaqla təmin etmişdir.

Natiq qeyd etmişdir ki, yeni dövrün tələblərini hamıdan yaxşı bilən ümummilli lider Heydər Əliyev ilk dəfə olaraq Naxçıvanda aqrar islahatları uğurla həyata keçirərək torpağın kəndlilərə verilməsinə nail olmuşdur. Bunun nəticəsində Naxçıvanda əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatı ödənilmişdir.

Yeni Azərbaycan Partiyasının yaradılması prosesindən danışan E.İbrahimov bildirmişdir ki, Azərbaycanın ziyalıları Heydər Əliyevə müraciət edərək ondan yeni partiyaya rəhbərlik etməsini xahiş etmişlər. Əslində Azərbaycan xalqı Ümummilli Liderin Bakıya qayıtmasını və ölkəni xaos və anarxiyadan qurtarmasını istəyirdi. Buna görə də tanınmış elm və mədəniyyət adamları, görkəmli alimlər yeni siyasi partiyanın yaradılmasını və Heydər Əliyevin bu partiyaya rəhbərlik etməsini istəyirdilər. Partiyanın təsis konfransının 1992-ci ilin noyabrında keçirilməsi qərara alınmışdır. Heydər Əliyevin siyasi təşkilata rəhbərlik etməsindən qorxuya düşən xalq cəbhəsinin silahlı dəstələri həmin ilin oktyabrında Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər. Lakin xalq birmənalı şəkildə Heydər Əliyevi müdafiə etdi və cəbhəçilərin qanunsuz silahlı dəstəsinin dövlət çevrilişi planı baş tutmadı. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi. Qurultayda Azərbaycanın bütün bölgələrini təmsil edən nümayəndələr iştirak edirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışından, elmə, təhsilə göstərdiyi qayğıdan danışmışdır.

Bildirilmişdir ki, 1990-1993-cü illərdə Naxçıvan sanki dünyadan təcrid olunmuşdu. Bir tərəfdən ermənilərin Sədərək, Şahbuz və Ordubad rayonlarının sərhəd kəndlərinə hücumları, digər tərəfdən isə blokada və iqtidarın muxtar respublikaya biganə münasibəti insanları çaşqınlığa salmışdır. Ulu Öndər Naxçıvana qədəm qoyan kimi ilk növbədə təhlükəsizlik məsələsinə önəm vermiş və insanların birliyinə nail olmuşdur. İnsanlar sabaha inamla baxaraq erməni hücumlarının qarşısını qətiyyətlə almışlar.

Qeyd olunmuşdur ki, bu gün Naxçıvan Muxtar Respublikasında elm və təhsilə yüksək qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun səyləri nəticəsində Naxçıvan Dövlət Universiteti (NDU) klassik Avropa universitetlərindən heç də geri qalmır. Naxçıvan vaxtilə enerji idxal edən diyardan enerji ixrac edən regiona çevrilmişdir.

Azərbaycanda dövlət quruculuğu ağrılı, əzablı yollardan keçmişdir. Bu yolun ən məsul məqamlarında ictimai-siyasi mühitin xüsusi həyəcanla vuran nəbzi xalqın uzun illər həsrətində olduğu müstəqilliyini itirmək nigarançılığı ilə bağlı olmuşdur. 1993-cü ilin iyununda da bu vəziyyət yaranmış, xalq real parçalanma, məhv olma təhlükəsi qarşısında qalmışdı. Lakin əsl yolu zaman özü seçdi. Xalqın iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını görkəmli siyasi xadim Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışında tapdı.

Sonra “dəyirmi masa”da Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Jalə Əliyeva, Aydın Mirzəzadə, İlham Məmmədov, akademik Nailə Vəlixanlı, tanınmış bəstəkar Ramiz Mirişli, istedadlı müğənni Azər Zeynalov və başqaları çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüş, bu dahi şəxsiyyətin elmə, mədəniyyətə göstərdiyi diqqət və qayğıdan danışmışlar.

Qeyd olunmuşdur ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan artıq dünyada öz layiqli yerini tutmuşdur. Azərbaycanın razılığı olmadan bölgədə heç bir iqtisadi layihə həyata keçirilə bilməz.

Sonra tədbir mədəni proqramla davam etmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.