REGİONLAR
“Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabı işıq üzü görüb
Naxçıvan, 3 avqust, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının müdiri Günel Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabı işıq üzü görüb.
Akademiyanın Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, geologiya-mineralogiya elmləri doktoru Məmməd Çıraqovun elmi məsləhətçiliyi və redaktorluğu, kimya elmləri doktoru Bayram Rzayev, kimya elmləri doktoru Famil Sadıqov və geologiya-mineralogiya elmləri doktoru Musa Məmmədovun rəyləri ilə nəşr olunan kitab ön söz, giriş, üç fəsil və ədəbiyyat siyahısından ibarətdir.
Nəşrdə müasir analiz metodlarından istifadə etməklə Naxçıvan Muxtar Respublikasının təbii mineralı – seolitin termiki davamlılığı, dehidratlaşma xüsusiyyətləri, sərt təsirlərə qarşı davamlılığı, ion-mübadilə xassələri öyrənilib, seolitlərə xas olan quruluş kəmiyyətləri hesablanıb. Təbii seolitlərin quruluşları, tərkibi, fiziki-kimyəvi xassələri, təsnifatı və nomenklaturası, tətbiq sahələri haqqında yığcam məlumatlar şərh edilib.