İDMAN
“Naxçıvan Open-2014” Beynəlxalq şahmat festivalının birinci turunun nəticələri məlum olmuşdur VİDEO
Naxçıvan, 4 may (AZƏRTAC, Rauf Əliyev). Mayın 4-də Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Naxçıvan Open-2014” Beynəlxalq şahmat festivalının ilk turu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarış iştirakçıları əvvəlcə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Festivalının baş hakimi Faiq Həsənov yarışın qaydaları barədə iştirakçılara məlumat vermiş və idmançılara uğurlar arzulamışdır.
Reytinq əmsalı 1771 olan Azərbaycan şahmatçısı Ayan Allahverdiyevanın da yarışdığı “C” qrupunda birinci turda Naxçıvan təmsilçilərindən Müslüm Əliyev, Sadiq Abbasov, Aqşin Abbaszadə, Əli Zeyniyev və başqaları hərəyə 1 xal qazanmışlar. “B” qrupunda Naxçıvan şahmatçılarından Pərviz Qasımov, Sadiq Məmmədov, Adil Sevdimalıyev, Tural Zeynalov, Orxan Həsənov və başqaları ilk turdan xal qazanmaq üçün mübarizə aparmışlar.
Bu qrupda Naxçıvan təmsilçiləri daha uğurlu çıxış etmişlər. Muxtar respublikanın şahmatçısı Adil Sevdimalıyev Lana Əfəndiyevanı, Tural Zeynalov Rüfət Əmrəliyevi, Orxan Həsənov Bahəddin Hətəmovu, Kamil Rzayev Elvin Namazlını mat edə bilmişdir.
Ağ-qara taxtada ən yüksək reytinq əmsalı 2696 olan zəka ustalarının yarışdığı “A” qrupunda Naxçıvan təmsilçisi Talıb Babayev Ukrayna təmsilçisi Anton Korobova məğlub olmuşdur. Digər bir muxtar respublika şahmatçısı, reytinq əmsalı 2354 olan Ürfan Sevdimalıyev Azərbaycan təmsilçisi, reytinq əmsalı 2660 olan Rauf Məmmədovla görüşdən yarım xalla ayrılmışdır.