REGİONLAR


“Naxçıvan Premium Turniri-2” başa çatıb

Naxçıvan, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində şahmat üzrə “Naxçıvan Premium Turniri-2”nin mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev çıxış edərək turnir haqqında məlumat verib. Bildirilib ki, turnirdə iştirak edən zəka sahibləri öncə rayon və şəhərdaxili keçirilən seçmə yarışlarda mübarizə aparıb və burada iştirak etmək hüququ qazanıblar. Belə ki, muxtar respublikanın 6 titullu şahmatçısı ilə yanaşı, eyni sayda seçilmiş şahmatçı “Naxçıvan Premium Turniri-2”də iştirak edib. Bu turniri digərlərindən fərqləndirən isə iştirakçıların əmsallarının yüksək olmasıdır. Digər tərəfdən, keçirilən bütün görüşlər chess.nax.az, chess24.com saytlarından canlı yayımlanıb. Bütün görüşlər Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Fikrət Sideifzadə tərəfindən şərh olunub. Naxçıvanda şahmatın inkişafı, kütləvi hal alması muxtar respublika rəhbərinin adı ilə bağlıdır. Diyarımızın ən ucqar kəndlərində şahmat dərsləri tədris olunur, ən kiçik rayonumuzda belə şahmat məktəbləri fəaliyyət göstərir. Eyni zamanda, 4 idmançımızın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilib. Bu da muxtar respublikada şahmata göstərilən diqqət və qayğının bariz nümunəsidir. Emin Hacıyev Şahmat Federasiyasının məşqçiləri və idmançıları adından yaradılan şəraitə görə minnətdarlıq edib.

Sonra qaliblərin mükafatlandırılma mərasimi olub.

Qeyd edək ki, turnirin yekun nəticəsinə əsasən, 11 turdan 9 xal toplayan Pərviz Qasımov “Naxçıvan Premium Turniri-2”nin qalibi adını qazanıb. 8,5 xal toplayan Urfan Sevdimalıyev ikinci, Toğrul Həsənzadə isə 8 xalla üçüncü pillədə qərarlaşıblar.

Tədbirin sonunda qaliblər Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən pul mükafatı və diplomla mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, gənclər və idman naziri Ramil Hacı təqdim ediblər.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov turnirdə mübarizə aparan şahmatçıları təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Sonda şahmatçılar və qonaqlar üçün qala gecəsi təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.