REGİONLAR
“Naxçıvan Premium Turniri-2” davam edir
Naxçıvan, 18 yanvar, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində şahmat üzrə “Naxçıvan Premium Turniri-2”də 4-cü turun oyunları başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu turda beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev (2353) Seyid Hüseynlə (2098) üz-üzə gəlib. Maraqla gözlənilən görüşün qalibi Urfan olub.
Beynəlxalq usta Toğrul Həsənzadə (2293) də bu turu qələbə ilə başa vurub. O, Rza Həsənli (1582) üzərində qələbə qazanmaqla buna nail olub. FIDE ustası Sadiq Məmmədov (2177) İlkin Qəbulovu (1602), Sadiq Qarayev (2126) isə Nazlı Hümbətovanı (1629) məğlub etməklə, aktivlərinə bir xal yazdırmağı bacarıblar.
Beynəlxalq usta Pərviz Qasımov (2359) da turu qələbə ilə başa vurub. Ayxan Əliyev (1983) üzərində qələbə qazanan Pərviz xallarını 2,5-ə çatdırıb.
Ata və qızının – beynəlxalq usta Talıb Babayev (2258) və FIDE ustası olan Nəsrin Babayevanın (2017) duelində isə qalib gələn tərəf Talıb olub.
Dörd turdan sonra turnir cədvəlində 5 zəka sahibinin - Toğrul Həsənzadə, Talıb Babayev, Urfan Sevdimalıyev, Sadiq Məmmədov və Sadiq Qarayevin hərəyə 3 xalı var.