REGİONLAR
Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib VİDEO
Naxçıvan, 6 fevral, AZƏRTAC
Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.
Tədbirdə çıxış edənlər gənc əsgərləri təbrik ediblər. Hərbi andı qəbul etməyin sevincini yaşayan əsgərlər döyüş tapşırıqlarına məsuliyyətlə yanaşacaqlarına söz veriblər.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin hərbi-elmi əsaslarla formalaşdırdığı ordu quruculuğu siyasətini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etdi, silahlı qüvvələrimiz dövlət-xalq-ordu birliyindən güc alaraq tarix yazdı. İnanırıq ki, bu gün hərbi andı qəbul edən gənclərimiz də Vətən müharibəsində şücaətləri ilə seçilən hərbi qulluqçularımız kimi torpaqlarımızın müdafiəsində cəsarətlə dayanacaqlar.
Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.