REGİONLAR
Naxçıvan Qarnizonunda keçirilən atletika və gimnastika üzrə birincilik başa çatıb
Naxçıvan, 5 iyun, AZƏRTAC
Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında keçirilən atletika və gimnastika üzrə birincilik başa çatıb. Birinciliyin qalibi Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları olublar.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hərbi qulluqçuların sürət, çeviklik və dözümlülüyünü yoxlamaq, güclü idmançıları və komandaları müəyyən etmək məqsədilə keçirilən birincilikdə 15 komandadan 220 idmançı mübarizə aparıb.
“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə atlet və gimnastlar turnikdə dartınma və aşaraq dayağa qalxma, paralel qollarda dayaq vəziyyətində qolların bükülüb açılması, uzunluğa və hündürlüyə tullanma, 100 və 3000 metr məsafəyə qaçış, 400 metr məsafəyə estafet qaçışı yarışlarında güclərini sınayıblar.
Ümumi nəticələrə əsasən komanda hesabında xüsusi təyinatlılar, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları və motoatıcılar müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Birinciliyin nəticələrinə əsasən ilk üçlükdə qərarlaşan komanda və hərbi qulluqçulara Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklar təqdim edilib.