REGİONLAR
Naxçıvan Şəhər Texniki Peşə və Sürücülük Məktəbinin müdavimləri təcrübə-məşğələdə iştirak ediblər
Naxçıvan, 19 may, AZƏRTAC
Naxçıvan Şəhər Texniki Peşə və Sürücülük Məktəbinin 15, 16 və 17 nömrəli xüsusitəyinatlı qruplarının müdavimləri və qrup rəhbərləri Avtomobillərin quruluşu və istismarı fənni üzrə “Yük avtomobillərinin quruluşu” mövzusunda təcrübə-məşğələ keçib.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müdavimlərin gələcəkdə peşəkar sürücü kimi yetişməsinə stimul yaratmaq məqsədilə təşkil edilən təcrübə-məşğələ Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur rayon ərazisində yerləşən Xüsusi Təyinatlıların Əsgəri- Məişət Kompleksinin avtomobil parkında keçirilib. Məşğələ zamanı müdavimlər yeni müasir avtomobillərlə və zirehli texnikalarla yaxından tanış olublar.
Müdavimlərə təlimlər zamanı bildirilib ki, sürücü idarə etdiyi maşının sazlığına, qorunub saxlanmasına və istifadə üçün hazırlanmasına cavabdehdir. Onun vəzifəsi idarə etdiyi maşının quruluşu, texniki imkanlarını və istifadə qaydalarını dəqiq bilmək, idarə etdiyi maşın üçün istifadə edilən yanacaq-sürtkü, habelə digər istismar materiallarının növünü və sərf olunma normasını bilmək və onların qənaətlə istifadəsinə çalışmaqdır.
Qeyd olunub ki, maddi-texniki təchizatla zəngin olan Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur rayon ərazisində yerləşən Xüsusi Təyinatlıların Əsgəri-Məişət Kompleksi keçirilən dərslərin praktik olaraq daha yaxşı mənimsənilməsinə, bacarıqlı mütəxəssislərin hazırlanmasına kömək göstərir.
Sonra müdavimlərə müxtəlif markalı avtomobillərin yükgötürmə qabiliyyəti, yedəklənən qoşqunun çəkisi, maksimal sürəti, yanacaq nəzarət sərfi, mühərrikin gücü, yanacaq çəlləyinin tutumu və sayı, yağlama sistemi, soyutma sistemi haqqında məlumat verilib.