REGİONLAR
Naxçıvan Tibb Kollecinin tələbə və müəllim heyəti Türkiyədə təcrübə kursu keçib
Naxçıvan, 8 noyabr, AZƏRTAC
Naxçıvan Tibb Kollecinin müxtəlif ixtisaslar üzrə tələbə və müəllim heyəti Türkiyənin Ankara şəhərində yerləşən “Halidə Edip Mesleki və Texnik Anadolu Liseyinin Yıldırım Bəyazit adına Yeniməhəllə Tədris və Araşdırma Xəstəxanasında bir aylıq təcrübə kursu keçib.
AZƏRTAC xəbər verir ki, təcrübə kursu Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının həmin təhsil və səhiyyə ocaqları arasında əldə edilmiş razılaşmaya əsasən reallaşıb. İki həkim və 10 tələbədən ibarət heyət araşdırma xəstəxanasının daxiliyyə və cərrahiyyə, təcili tibbi yardım üzrə bölmələrində, yenidoğulmuşlar, döş qəfəsi, yoluxucu xəstəliklər şöbələrində plastik və keysəriyyə əməliyyatlarını izləyib, doğuş palatalarında, genetik laboratoriyada iş prosesi ilə tanış olub, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını öyrəniblər.
Tələbələr xəstəxananın tibb bacıları ilə birlikdə açıq ürək, kəskin apendisit, LOR, göz, keysəriyyə əməliyyatlarında, şəkərli diabet xəstələrində qanqrenli yaraların işlənməsində, müxtəlif manipulyasiyaların aparılmasında, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak edib, təcrübə mübadiləsi aparıblar. Heyət kursu başa vuraraq Naxçıvana qayıdıb.
Xatırladaq ki, kollecin 4 həkim və 20 nəfərdən ibarət müəllim heyəti bu ilin avqust ayında Türkiyə Respublikası Ərzurum Atatürk Universitetinin xəstəxanasında təcrübə kursu keçib.
Naxçıvan Tibb Kollecində ixtisaslı tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsi məqsədi daşıyır. Burada 27 qrupda ortaixtisaslı kadrlar hazırlanır.
Tələbələr müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanalarda praktik vərdişlərə yiyələnirlər. Kollecdə müxtəlif fənlər üzrə 8 kabinə, 6 elektron lövhəli otaq, 4550 kitab fonduna malik kitabxana, akt zalı, idman zalı, 3 laboratoriya, 2 kompüter otağı fəaliyyət göstərir. Yaradılmış şəraitdən səmərəli istifadə etməklə ixtisaslı kadr təminatına nail olmaq üçün hazırda ardıcıl tədbirlər həyata keçirilir.