REGİONLAR
Naxçıvan Tibb Kollecinin tələbələri Türkiyədə təcrübə kursu keçiblər
Naxçıvan, 8 sentyabr, AZƏRTAC
Naxçıvan Tibb Kollecinin müxtəlif ixtisaslar üzrə tələbə və müəllim heyəti avqust ayında Türkiyə Respublikası Ərzurum Atatürk Universitetinin xəstəxanasında təcrübə kursu keçib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində 4 həkim və 20 tələbədən ibarət heyət Atatürk Universitetinin araşdırma xəstəxanasının endokrinoloji, ginekoloji, dəri-zöhrəvi, genetika, cərrahi, pediatriya, təcili tibbi yardım üzrə bölmələrində olub.
Tələbələr xəstəxananın tibb bacıları ilə birlikdə müxtəlif manipulyasiyaların aparılmasında, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak ediblər. Onlar plastik və qeysəriyyə əməliyyatlarını izləyib, doğuş palatalarında, genetik laboratoriyada iş prosesi ilə tanış olub, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını mənimsəyiblər.
Sağlıq bilimləri fakültəsinin dekanlığı tərəfindən həkimlərə və tələbələrə sertifikat verilib. Heyət kursu başa vuraraq Naxçıvana qayıdıb.
Qeyd edək ki, Naxçıvan Tibb Kollecində mamalıq işi, müalicə işi, tibb bacısının işi, əczaçılıq işi, ortopedik stomatologiya olmaqla, 27 qrupda orta ixtisaslı kadrlar hazırlanır. Tələbələr müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanalarda praktiki vərdişlərə yiyələnirlər.
Kollecdə müxtəlif fənlər üzrə 8 kabinə, 6 elektron lövhəli otaq, 4550 kitab fonduna malik kitabxana, akt zalı, idman zalı, 3 laboratoriya, 2 kompyuter otağı fəaliyyət göstərir. Yaradılmış şəraitdən səmərəli istifadə etməklə ixtisaslı kadr təminatına nail olmaq üçün hazırda ardıcıl tədbirlər həyata keçirilir.