REGİONLAR
“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib
Naxçıvan, 5 noyabr, AZƏRTAC
“Naxçıvan” Universitetində Dövlət Bayrağı Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının şəhərciyində açıq havada keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra səhnəyə şanlı üçrəngli bayrağımız gətirilib.
Ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva çıxış edərək bildirib ki, üçrəngli, aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağımız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə ölkəmizin səmasında dalğalandırılıb. Yalnız 70 il sonra, 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunub, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, Naxçıvan MSSR-in adından “sovet” və “sosialist” sözlərinin çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar qəbul edilib.
Ulu Öndərin milli mənafelərə əsaslanan siyasətinin bütün sahələrdə uğurla davam etdirildiyini diqqətə çatdıran rektor qeyd edib ki, bu gün ölkə rəhbəri Azərbaycanın milli dövlət atributlarını uca tutur. Dövlətimizin başçısı 2009-cu ilin noyabrında Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamına əsasən, Naxçıvan şəhərində də Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.
Nurlana Əliyeva vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşının qəlbi Vətən eşqi ilə döyünür. Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş tarixi və əzəli torpaqlarımızı düşmən tapdağından azad edir və üçrəngli bayrağımızı orada dalğalandırır.
Sonra tədbirin bədii hissəsi olub, tələbələrin ifasında bayrağımıza həsr olunmuş şeirlər və milli mahnılarımız səsləndirilib.
Tədbirin sonunda səmaya üzərində Azərbaycan və Türkiyə bayraqları olan hava şarları buraxılıb.