REGİONLAR
“Naxçıvan” Universitetində Robotexnika və STEAM kabinəsi yaradılıb
Naxçıvan, 8 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm işlər görülüb, müasir standartlara cavab verən təhsil müəssisələri tikilib, həmin müəssisələrin maddi tədris bazası möhkəmləndirilib, infrastrukturu yenilənib. “Naxçıvan” Universiteti də bu diqqət və qayğıdan öz payını alıb.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirləri ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva universitetdə yaradılan Robotexnika və STEAM kabinəsinin açılış tədbirində səsləndirib. Bildirilib ki, yeniyetmə və gənclərin dövrün tələblərinə uyğun təhsil almaları və müasir texnologiyanı tam mənimsəmələri məqsədilə yeni təhsil metodları hazırlanır. Bunlardan biri də dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan və dünya təhsil sistemində əsaslı yer tutan STEAM təhsil metodudur. STEAM haqqında ətraflı məlumat verən rektor vurğulayıb ki, müasir təhsildə mütəxəssis hazırlığının əsas istiqamət kimi götürüldüyü STEAM metodlarının Naxçıvan şəhərində tətbiqinə 2020-ci ildən başlanılıb. 2020-2021-ci tədris ilindən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə start verilib. Bu məqsədlə STEAM kabinələri yaradılıb, müəllimlər STEAM təlimlərinə cəlb olunub. Təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə “Naxçıvan” Universitetində də Robotexnika və STEAM kabinəsi yaradılıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, təhsildə tətbiq olunan ən mühüm yeniliklərdən biri də STEAM təhsil metodunun tətbiqidir. Bu amili nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il iyunun 7-də “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılacaq, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdiriləcək, hər il “STEAM təhsil festivalı” keçiriləcək. Hazırda bu istiqamətdə işlər görülməkdədir.
Təhsil naziri pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərlə yanaşı, sabahın müəllimlərinin də ali təhsil pilləsində kurikulum vasitəsilə STEAM mövzularına yaxşı yiyələnmələrinin zəruriliyindən bəhs edərək vurğulayıb ki, məhz bu baxımdan “Naxçıvan” Universitetində Robotexnika və STEAM kabinəsinin yaradılması pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin məktəblərdə tətbiq olunan STEAM təlim metoduna əvvəlcədən yiyələnmələrinə mühüm töhfələr verəcək. İnanırıq ki, yaradılan imkanlardan istifadə edən tələbələrimiz gələcəkdə ixtisasını yaxşı bilən müəllim olmaqla yanaşı, STEAM sahəsində bacarıqları ilə təhsilimizin inkişafına da təkan verəcəklər. Onlar ölkəmizi texnologiya istehlakçısından texnologiya istehsalçısına çevirməyə qadir kadrlar olacaqlar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Naxçıvan” Universitetinə STEAM dərslərinin tədrisi üçün 1 ədəd xətt izləyən robot, 1 ədəd elektron dövriyyə dəsti, 1 ədəd arduino, 5 ədəd 3D çap materialı, metodik vəsaitlər, dərslik və proqramlar hədiyyə edilib.
Universitetin elektron texnika üzrə nəzarətçi vəzifəsində çalışan Şamil Hümbətov təqdim olunan STEAM avadanlıqları barədə məlumat verib.
Sonda tələbələr tərəfindən hazırlanmış STEAM layihələrin təqdimatı olub.