REGİONLAR


“Naxçıvan” Universitetində Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi qeyd olunub

Naxçıvan, 4 noyabr, AZƏRTAC

İsmayıl Şıxlının xalq yaradıcılığından güc alan əsərləri dərin həyat fəlsəfəsi və milli koloriti ilə oxucuların rəğbətini qazanıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir “Naxçıvan” Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş “İsmayıl Şıxlı – 100” adlı elmi konfransda səsləndirilib.

Tədbirdə çıxış edən universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, onun zəngin bədii yaradıcılığından danışıb.

Daha sonra universitetin müəllimləri, professor Sədaqət Həsənovanın, dosentlər Əli Həşimlinin, İman Cəfərovun, Qənirə Əsgərovanın məruzələri dinlənilib.

Məruzələrdə qeyd edilib ki, XX əsr Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yeri olan İsmayıl Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaradıb. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə hesab olunur. Üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir.

Sonda Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığını əks etdirən slayd nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.