REGİONLAR
“Naxçıvan” Universitetində keçirilən “Nəsimi həftəsi” maraqlı tədbirlərlə yadda qalacaq
Naxçıvan, 9 aprel, AZƏRTAC
“Naxçıvan” Universitetində görkəmli filosof-şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə aprelin 8-dən “Nəsimi həftəsi”nə start verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən ali təhsil ocağının prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinin şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Sərəncamdan irəli gələn vəzifələrin muxtar respublikada da yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, Naxçıvanda da Nəsiminin həyat və yaradıcılığı ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, xalqımızın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən “Nəsimi həftəsi” də ölməz sənətkarın həyat və yaradıcılığının, ideallarının tələbələrimizə tanıdılmasına və təbliğ edilməsinə geniş imkan açır.
Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Zakir Məmmədov çıxış edərək bildirib ki, “Nəsimi həftəsi” aprelin 12-dək davam edəcək. Hazırlanmış qrafikə əsasən “Nəsimi” tarixi filminin nümayişi olub, “Nə? Harada? Nə zaman?” intellektual oyununun, Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsinin, “İmadəddin Nəsimi – 650” adlı elmi konfransın keçirilməsi nəzərdə tutulur. “Nəsimi həftəsi” tələbələrin Culfa rayonundakı Xanəgah Abidə Kompleksinə ekskursiyası ilə yekunlaşacaq.
Sonra ssenari müəllifi Xalq yazıçısı İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” filmi nümayiş etdirilib. Tarixi-bioqrafik filmin Naxçıvan çəkilişləri maraqlı məqamları ilə yadda qalıb. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı çərçivəsində “Ən yaxşı tarixi film” mükafatına layiq görülən ekran əsərini tələbələr maraqla izləyiblər.