REGİONLAR
“Naxçıvan” Universitetində tələbələrin rəsmlərindən ibarət sərgi açılıb
Naxçıvan, 3 mart, AZƏRTAC
“Naxçıvan” Universitetində start verilən “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsi davam edir. Layihə çərçivəsində ali təhsil ocağının tələbələrinin rəsmlərindən ibarət sərgi təşkil olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva Nizami Gəncəvi yaradıcılığından, Nizami irsinə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.
Rektor qeyd edib ki, “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsi çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi Nizami Gəncəvinin zəngin yaradıcılığının gənc nəslə çatdırılması, dahilərimizin milli-mədəni tariximizdəki rolunu onlara aşılamaqdır.
Daha sonra sərgiyə baxış olub.
Xatırladaq ki, silsilə tədbirlər layihəsi martın 1-dən 5-dək davam edəcək.