REGİONLAR
“Naxçıvan” Universitetinin 182 tələbəsi tam orta məktəblərdə pedaqoji təcrübədə olacaq
Naxçıvan, 16 fevral, AZƏRTAC
“Naxçıvan” Universitetində Pedaqoji və Xarici dillər fakültələrinin əyani şöbə üzrə tələbələrinin 2020-2021-ci tədris ilinin ikinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə həsr edilmiş başlanğıc konfransı başa çatıb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda çıxış edən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva pedaqoji təcrübənin ali və orta təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına müsbət təsirindən, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən danışıb. Rektor təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edərək bildirib ki, tələbələr və təcrübə rəhbərləri pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmalı və bu dövrü yüksək göstəricilərlə başa vurmağa çalışmalıdırlar.
Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxışında muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində gənclərin ixtisaslı kadr kimi formalaşması üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, “Naxçıvan” Universitetində yaradılan müasir təhsil və yüksək sosial-məişət şəraitinin nəticəsində ötən il məzunlardan 166-sı ixtisas seçimi zamanı “Naxçıvan” Universitetini seçib. Həmin 166 abituriyentdən 83-ü pedaqoji profilli ixtisaslarda təhsil alırlar.
Təhsil naziri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin yüksək səviyyədə hazırlığı və eləcə də ixtisaslı kadr potensialının formalaşması baxımından əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bu günədək Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müsabiqələrdə “Naxçıvan” Universitetinin, ümumilikdə, 40 məzunu yüksək nəticə göstərərək işlə təmin olunub. Bununla yanaşı, vakant vəzifələrə işə qəbul üçün keçirilən imtahanların nəticələrinə uyğun olaraq universitetin 8 məzunu ümumtəhsil məktəblərində müxtəlif vəzifələrə təyin olunub.
Rəhman Məmmədov müasir tədris metodları üzərində qurulan STEAM təlim metodunun tətbiqindən bəhs edərək bildirib ki, hazırda Şərur rayon Qarabürc və Şəhriyar, Ordubad rayon Nüsnüs kənd tam orta məktəblərində və Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin nəzdində STEAM kabinələri yaradılıb, yaradılan kabinələr elektron lövhə, kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunub. Muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində, eləcə də “Naxçıvan” Universitetində də STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam edir. Bu da gələcəkdə ali təhsil müəssisələrinin pedaqoji profilli ixtisaslarını bitirən müəllim kadrların STEAM təlim metodu üzrə biliklərinin formalaşmasına öz töhfəsini verəcək.
“16 fevral - 5 aprel 2021-ci il tarixlərdə Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 11, 12 və 15 nömrəli tam orta məktəblərdə 182 tələbə pedaqoji təcrübədə olacaq. Pedaqoji təcrübə tələbələrin aldıqları nəzəri bilikləri tətbiq etmələri və pedaqoji prosesi əyani şəkildə öyrənmələri baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbələr təcrübə keçdikləri müddət ərzində pedaqoji prosesi mənimsəmə və pedaqoji mühitə uyğunlaşma imkanı əldə edirlər”, - deyən Rəhman Məmmədov bildirib ki, Təhsil Nazirliyi tərəfindən onların yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq, təcrübə dövründə tələbələrin təcrübə keçdikləri orta məktəblərdə açıq dərsləri təşkil olunacaq.
Konfransda universitetin Tədris şöbəsinin müdiri Anar Abuzərlinin “Pedaqoji ixtisaslar üzrə təcrübənin xüsusiyyətləri”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Lalə Allahverdiyevanın “Təcrübə zamanı pedaqoji və psixoloji işlər” mövzusunda çıxışları dinlənilib.
Sonra “Müəllimlik peşəsinin xüsusiyyətləri” mövzusunda slayd nümayiş olunub.
Tədbirin sonunda “Naxçıvan” Universitetində pedaqoji profilli ixtisaslar üzrə kadr hazırlığını yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən universitetə dərslik və metodik vəsaitlər hədiyyə edilib.