REGİONLAR
“Naxçıvan” Universitetinin rektoru Avrasiya Universitetlər Birliyinin onlayn konfransında iştirak edib
Naxçıvan, 12 fevral, AZƏRTAC
“Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli Avrasiya Universitetlər Birliyinin “2021- EURAS üzvləri ilə görüş” adlı onlayn konfransında iştirak ediblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda çıxış edən Avrasiya Universitetlər Birliyinin direktoru Mustafa Aydın iştirakçılara görülən işlər və 2021-ci ildə qarşıya qoyulan hədəflərlə bağlı məlumat verib, universitetlərarası əməkdaşlığın geniş imkanlara malik olduğunu bildirib.
Konfransda 2021-ci ildə partnyor universitetlər tərəfindən keçiriləcək vebinarlar, tələbələr üçün yeni platformanın hazırlanması və 3 indeksli jurnallarda dərci ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələrini inkişaf etdirməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə, onun strukturunun, idarəetmə metodlarının, müəllimlərin pedaqoji ustalığının, tədris proqramlarının məzmununun, texniki təchizatının, təhsil prosesinin beynəlxalq standartlara uyğun şəkildə qurulmasına və inkişafına yönəlib.